Bu gün Türkiyədə Qərbi Azərbaycan torpaqlarından olan minlərlə soydaşımız yaşayır. Vaxtilə doğma yurdlarını məcburi şəkildə tərk etmək məcburiyyətində qalan bu insanlar ömür boyu Vətən həsrəti ilə yaşayıblar.
Bizim.Media belə soydaşlarımızdan biri, bu gün Qars şəhərində yaşayan Çətin Adıgözəl bəylə həmsöhbət olub. Çətin bəy Türkiyənin Mədəniyyət Nazirliyinin qeydiyyatında olan sənətçidir.
Vətənə uzanan həsrət körpüsü...
Çətin bəy ailəsinin məşəqqət və həsrət dolu keçmişini belə dilə gətirir:
“Osmanlı-Rusiya müharibəsi başa çatdıqdan sonra Azərbaycan torpaqlarında ermənilərin xalqımıza qarşı işgəncələri başlayıb. Rusların erməni daşnaklarına verdiyi silahlar türk-müsəlman əhalinin soyqırımı ilə nəticələnirdi.
Bizim dədə-baba yurdumuz İrəvan xanlığı olub. İnsanlarımız ermənilər tərəfindən öldürüləndə, işgəncəyə məruz qalanda, evləri, məscidləri yandırılmağa başlayanda əhali namusunu, uşaqlarını xilas etmək üçün evlərini tərk edir. Əvvəl Cənubi Azərbaycana, oradan isə Türkiyəyə gəlirlər”.
Çətin bəyin anasının atası İrəvan quberniyasının Molla Musa (İrəvan quberniyasının indiki Düzkənd rayonunda kənd) kəndindəndir. Deyir ki, babasıgil “Qaça-qaç” adını verdikləri köç vaxtı məcburi şəkildə kəndlərindən çıxıblar:
“Yollarda xəstələnən, ölənlər çox olub. Bizim ailəmiz də bir-birini əvvəl itirib, çox sonradan tapan ailələrdən biridir. Anamın atası Molla Musa kəndində evli olsa da, ermənilər onun həyat yoldaşını öldürüb.
Babam üç övladı ilə Türkiyəyə gəlir. Əvvəl Qarsın Böyük Pirvəli kəndinə, daha sonra isə şəhərin mərkəzinə yerləşirlər. Babam Qarsda özü kimi həyat yoldaşı ermənilər tərəfindən öldürülmüş bir xanımla evlənir. Mənim anam da bu evlilikdən dünyaya gəlib. Babam bizə yaşadıqları zülmü danışardı. Anam da, bizlər də doğma torpaqlarımızın həsrəti ilə böyüdük. Azərbaycanla həsrət bağımızı Bakı və Araz radiolarını dinləməklə qururduq. Evimizdə Azərbaycan dilində danışar, adət-ənənələrimizi eynilə Azərbaycandakı kimi yaşadırdıq. Müəyyən yaşdan sonra başa düşdük ki, biz əslində soyqırıma məruz qalan türk və müsəlman xalqıq”.
Müsahibimizin sözlərinə görə, Türkiyənin Qars, Ardahan, İğdır kimi bölgələrində hələ də ermənilərin öldürdüyü insanlarımıza aid 80-ə yaxın açılmamış kütləvi məzarlığın olduğu deyilir.
Adətlərimizi saxladıq...
Çətin bəy deyir ki, ağrı-acıya baxmayaraq, yaşadıqları torpaqlarda folklorumuzu, rəqslərimizi, xalq mahnılarımızı, dilimizi, xüsusilə adət-ənənələrimizi unutmamaq üçün hər zaman mübarizə aparıblar:
“Qarmon çalır, mahnı oxuyurduq. Klarnet və nağara çalmağa çalışdım. Azərbaycan türk xalq rəqsləri, daha önəmlisi Azərbaycan mahnılarını tam Azərbaycan dilində və şivəsi ilə oxumağa çalışdım. Biz, bu ruhla yaşamışıq. Bədənimiz Türkiyədə, ruhumuz və beynimiz həmişə Azərbaycanda olub. Bakıya səfərlərim zamanı ilk ziyarət etdiyim yer Şəhidlər Xıyabanı oldu. Böyük qızımın adını Şirvan, oğlumun adını Gəncəxan qoymuşam. Nəvəmin adı isə Arazdır”.
Mövzu ilə bağlı video və fotoları təqdim edirik:
Aygün İbrahimli, Bizim.Media