Müharibə şəraiti ilə əlaqədar ölkədə internetə çıxış günlərdir ki, məhdudlaşdırılıb. Məqsəd isə sosial şəbəkələrdə çaşdırıcı materialların, hərbi sirr xarakterli foto, video və audioların yayılmasının qarşısını almaqdır.
Lakin insanlar bu məhdudiyyətdən çıxış yolu taparaq “VPN”-ə yükləndilər. Amma ekspertlərin fikrincə, bu cür “aralıq”lardan (proxy) istifadə etmək həddindən artıq təhlükəli və risqlidir. İnternetsiz yaşamağın çətinliyini də nəzərə alsaq bu halda çıxış yolu nədir?
Bu barədə Bizim.Media-ya danışan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz istifadəçilərə ödənişli “VPN” lərdən istifadə etməyi məsləhət görür: “Pullu “VPN” quraşdırmasının müsbət tərəfi onun izinin qalıcı olmasıdır. İstifadəçinin məlumatları oğurlanarsa və yaxud ziyan dəyərsə bu zaman pul ödədiyin şirkəti məhkəməyə vermək mümkündür. Həm də ödənişli “VPN” lərdə risk aşağıdır.
Bununla yanaşı, faydalı olan “VPN” lər də var. İstifadəçilər özləri “Google” da araşdırma aparsınlar ki, hansı “VPN” lər haqqıında müsbət rəylər yazılıb. Əvvəlki müharibə təcrübələri göstərdi ki, sosial şəbəkələr üzərindən lazımsız dezinformasiyalar ötürülürdü. Amma indi “Whatsapp”, “Youtube” üzərindən bunu etmək mümkün deyil. Beynəlxalq aləmdə səsimizi çatdıra biləcəyimiz sosial şəbəkə Twitterdir. Bu sosial şəbəkədə dezinformasiya yaymaq çətindir”.
Osman Gündüz mobil telefon istifadəçilərinə beynəlxalq çıxışları bağlamağı da məsləhət gördü. Çünki internetdə elə kəşfiyyatçı proqramlar var və onlar ölkə üzrə telefon nömrələrini arxivləşdirə bilir: “Məhz bu yolla Azərbaycanda vətəndaşlara zənglər olunur, mesajlar göndərilir”.
Gülşanə Mustafayeva, Bizim.Media