Ötən gün Bizim.Media-da “Lökbatan avtobuslarında MÜHARİBƏ MƏNZƏRƏSİ – Şikayəti BNA nəzarətə götürdü” başlıqlı tənqidi yazı dərc edilmişdi. Yazıda Lökbatan qəsəbə sakininin 206 nömrəli marşrutla bağlı şikayəti yer almışdı.
Bu gün Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya səslənən iradlarla bağlı cavab məktubu daxil olub. Məktubda deyilir:
MÖVZU İLƏ BAĞLI:
Lökbatan avtobuslarında MÜHARİBƏ MƏNZƏRƏSİ – Şikayəti BNA nəzarətə götürdü
“Məlumat üçün bildiririk ki, Lökbatan qəsəbə sakinlərinin sərnişindaşımaya olan tələbatlarının təmin edilməsi məqsədi ilə 111, 125, 126, 130, 140, 164, 174, 194 və 206 nömrəli müntəzəm marşrutlar müxtəlif istiqamətlərdə fəaliyyət göstərir.
Məlum olduğu kimi, ötən müddət ərzində 130 nömrəli marşrut da müsabiqəyə çıxarılmış və müsabiqə nəticəsində xəttin istismarı “BakuBus” MMC-yə həvalə edilərək köhnə nəqliyyat vasitələri yeni avtobuslarla əvəz olunmuşdur. 206 nömrəli marşrut xətti sərnişin tələbatına uyğun “Binə” və “Sədərək” ticarət mərkəzlərinin əlaqələndirən yeganə marşrut olaraq təşkil edilmişdir. Bu səbəbdən marşrutun hərəkət sxeminin dəyişdirilməsi nəzərdə tutulmamışdır”.
Məktubda daha sonra deyilir:
“206 nömrəli marşrut sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin artırılması məqsədi ilə nağdsız ödəniş sisteminə inteqrasiya edilmişdir. Bundan başqa, keyfiyyətli xidmətin təmin olunması məqsədi ilə həmin xətt üzrə hazırda müsabiqə elan edilmişdir.
Həmçinin 206 nömrəli marşrutun fəaliyyətində olan nöqsanlarla bağlı marşrutun istismarçısı olan "Bus Trans" MMC-nin direktoru Agentliyə dəvət olunmuş və məsələ müzakirə edilmişdir.
Daşıyıcı tərəfindən verilən məlumata əsasən marşrut üzrə avtobusların təmir edilməsində maliyyə çətinliyi yarandığı üçün hazırda 9 ədəd avtobus xidmət göstərir. Buna baxmayaraq yaranmış çətinliyin aradan qaldırılması və avtobusların sayının artırılması istiqamətində işlər görülür”.
Surxay Atakişiyev, Bizim.Media