Masazırı ZİBİL POLİQONUNA çevirən nədir? – Abşeron rəsmilərinin İKİBAŞLI CAVABI

Hazırda oxunan: Masazırı ZİBİL POLİQONUNA çevirən nədir? – Abşeron rəsmilərinin İKİBAŞLI CAVABI

116615

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan sakinlərin məişət tullantılarının daşınması ilə bağlı problem öz həllini tapmır. Sakinlər uzun müddətdir ki, mövcud vəziyyətdən narazıdırlar.

Belə ki, sözügedən ərazidə zibillərin vaxtında yığılmaması tez-tez xoşagəlməz mənzərə yaradır. 

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, zibil qutularının sayı əraziyə, əhali sayına görə azdır. Buna görə də konteynerlər dolu olur və sakinlər məcbur qalıb əllərindəki zibili dolub-daşan qabların ətrafına atırlar. Nəticədə isə antisanitar vəziyyət yaşanır. Sakinlərin sözlərinə görə, ərazidə tez-tez bu mənzərəni görməyə öyrəşiblər.  

Bizim.Media-nın əməkdaşı sakinlərin şikayətinə aydınlıq gətirmək üçün öncə, Abşeron rayon Masazır bələdiyyəsi ilə əlaqə saxlayıb.

Bələdiyyədən bildirilib ki, problemin səbəbi zibil qablarının deyil, ərazi üzrə zibil daşıyan maşın sayının az olmasıdır: 

“Ərazi üzrə zibilin daşınması üçün bir maşın işləyir, onunla da çatdırmaq çətindir. İndi Masazırın məişət tullantıları ilə bağlı məsələyə Abşeron rayon Abadlıq İdarəsi baxır”. 

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli isə sakinlərin narazılığı ilə razılaşmayıb.

İcra rəsmisi bildirib ki, Masazır ərazisi gün ərzində iki dəfə təmizlənir:

“Masazır ərazisində qalıqlanmış zibillə dolu yeşiklər ola bilməz. Daimi olaraq təmizlənmə işləri aparılır. Zibil daşınmasında müasir standartlara cavab verilməsi üçün müvafiq işlər görülür. Masazır kəndinə məişət tullantılarını daşıyan təzə, xüsusi maşın alınıb. Bu istiqamətdə də işlər davam etdiriləcək”. 

Göründüyü kimi sakinlər ətrafa səpələnmiş məişət tullantılarından şikayətlənirlər. Bələdiyyə səbəbi zibil qablarının azlığında yox, ərazi üzrə zibildaşıyan maşın sayının azlığında görür. İcra hakimiyyəti isə problem olmadığını bildirir. Hər-halda görünən dağa bələdçi lazım deyil. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin