“Azərbaycanda fəaliyyət göstərən provayderlərin sayı haqqında dəqiq məlumat heç yerdə yoxdur. Bizim müşahidələrimiz göstərir ki, ölkəmizdə təxminən 90-dan çox provayder fəaliyyət göstərir. Bunların içərisində 2 magistral(backbone) provayder, 2 dövlət provayderi, 3 mobil internet provayderi və 80-dən çox ikinci səviyyəli provayderlər var. Hansı ki, onlar da ADSL, GPON, LTE, kabel, mobil və digər fiber-optik texnologiyalar üzərindən xidmət göstərirlər”.
Bizim.Media bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib. Onun sözlərinə görə, provayderlərin sayı son bir-iki ildə, onlar üçün daha münbit şərait yaradılandan sonra kəskin artıb.
“Belə demək mümkünsə, lisenziyalaşdırılmayan bir xidmət sahəsi olduğundan, kimsə bir şirkət qeydiyyatdan keçirir, magistral provayderdən -ya "DeltaTelekom"-dan, yaxud da "Azertelecom"dan müqavilə bağlayaraq topdan internet alır və mövcud telekommunikasiya infrastrukturundan maneəsiz istifadə edərək istifadəçilərə satır:
"Provayderlərin sayı haqqında dəqiq məlumatı hələlik heç bir yerdən əldə etmək mümkün deyil. İllər öncə belə bir siyahı, təxminən 50 provayderin siyahısı Nazirliyin saytında olub. Bir neçə il öncə provayderlərin məcburi uçotu ilə bağlı Telekommunikasiya haqqında qanuna dəyişiklik edildi və Nazirlər Kabineti müvafiq qaydaları təsdiqlədi. Uçotun aparılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) tapşırıldı. Bundan sonra həmin siyahı Nazirliyin saytından yığışdırıldı. Adı çəkilən qaydalar da kifayət qədər bəsit hazırlanıb, provayderdən sadəcə özü haqqında, xidmətləri və əhatə dairəsi haqqında RİNN-ə məlumat vermək tələb edilir. Müraciət də onlayn formada nəzərdə tutulub".
Ekspert həmçinin xatırladıb ki, 2018-ci ildən uçot və qeydiyyat Qaydaları qüvvədə olsa da indiyədək mövcud provayderlərin dəqiq uçotu və siyahısı ortada yoxdur:
"Görünür ki, son illərdə RİNN tərəfindən aparılan yumşaq siyasət provayderlərin sayının kəskin artmasına təsir etsə də, eyni zamanda onların uçotdan yayınmasına da səbəb olub. Uçotdan yayınmağın cəriməsi isə 1000-1500 manat müəyyən edilib.
Hələlik belə bir cərimə haqqında da məlumatlar verilməyib. Bildiyim qədər Nazirlik indi belə bir siyahının hazırlanması üzərində işləyir".
Osman Gündüz hesab edir ki, provayderlər haqqında, onların xidmət göstərdiyi ərazi və xidmətləri haqqında dəqiq və rəsmi məlumatlara ciddi ehtiyac var:
"Zaman-zaman sosial mediada onlar haqqında, göstərdikləri xidmətlərin keyfiyyətsizliyi haqqında çoxsaylı şikayətlər müşahidə olunur. Bizə də bununla bağlı çox müraciətlər olur. Provayderlər haqqında məlumatlar istifadəçilər və maraqlı tərəflər üçün həm şikayət və müraciətlər üçün, həm də xidmətlərdən imtina və yeni provayderin və ya yeni xidmətlərin seçimi üçün mühüm əhəmiyyət kəsb edir. Ümid edirəm RİNN tez bir zamanda ölkəmizdə fəaliyyət göstərən bütün provayderlər haqqında uçot işlərini yekunlaşdıracaq və bu siyahını açıqlayacaq",- deyə O.Gündüz qeyd edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 25.01.2023
İnternet bazarında HƏRC-MƏRCLİK – Provayderlərin qeydiyyatı niyə aparılmır?
Hazırda oxunan: İnternet bazarında HƏRC-MƏRCLİK – Provayderlərin qeydiyyatı niyə aparılmır?
Hazırda oxunan: İnternet bazarında HƏRC-MƏRCLİK – Provayderlərin qeydiyyatı niyə aparılmır?
116594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.