İslama görə ölü üzü qibləyə, iyi-qoxusu kənara çıxmayacaq və heyvanlar eşməyəcək dərinlikdə dəfn edilir. Qadın mərhumlar isə dəfn olunarkən, kişilərdən daha dərinə basdırılır. İddialara görə qadın kişidən ona görə dərinə basdırılır ki, Qiyamət gününün dirilişi zamanı naməhrəmlərin gözündən qorunsun.
El arasında həm də qadının kişidən fərqli olaraq daha dərində dəfn edilməsi zarafata salınır. Söyləntilərə görə, qadın kişiyə nisbətən daha deyingən, dilli və xaraktercə çətin olduğuna görə dərin basdırılır.
Bəs bunun dini izahı nədir? Nə üçün qadınların qəbri, kişilərin məzarından daha dərin qazılır?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Tural İrfanın sözlərinə görə qadının dərinliyə dəfn edilməsinin bir çox izahı var:
“İslam dininə görə vəfat edən insan iyi, qoxusu çıxmayacaq şəkildə, vəhşi heyvanların eşib çıxara bilməyəcəyi dərinliyə dəfn edilməlidir. Bu da orta hesabla insanın qurşaq nahiyəsinə çatacaq dərinlik götürülür. Lakin qadınlar bir qədər dərinliyə dəfn olunur.
Bunun bir çox izahları var. Bu izahların içində tibbi cəhətdən yanaşma da qeyd olunur. Ancaq dini inancda belə şərh olunur ki, Qiyamət günü bütün insanlar dirilib məzarlarından ayağa qalxacaqlar. Məhz Qiyamət sözü də ərəbcə "ayağa qalxmaq" anlamındadır.
Bu dirilmə zamanı da hər kəs ayaq üstə qalxarkən qadınların sinə hissəsi görünməmək üçün onlar bir qədər dərinə dəfn edilir. Bir çox ölkələrdə və bölgələrdə kişilərin qəbri qurşağa qədər, qadınların qəbri sinəsinə qədər dərinlikdə qazılır.
Şübhəsiz ki, bu məcazidir və ölüyə ehtiram əlaməti olaraq götürülür. Çünki İslam dinində qadını hifz etmək, qorumaq, mühafizə etmək daha ciddi önəm kəsb edir. Hicab da bu baxımdan gəlib. Odur ki, öldükdən sonra da qadının cəsədinin daha ciddi mühafizə olunması üçün, vəhşi heyvanlardan, qəzalardan qoruması üçün bir qədər dərinə dəfn edilir”.
İlahiyyatçı əlavə edib ki, qadının kişidən daha dərində basdırılması vacib hökm deyil, sadəcə ehtiram əlaməti olaraq icra oluna bilər. Vacib olan odur ki, istər qadın, istər kişi qurşağa qədər dəfn edilsin.
Dini mənbələrə görə isə İslamda bu məsələdə ayrı-seçkilik yoxdur. Qadın və kişi dünyasını dəyişəndə hər ikisi Allahın rəhmətinə qovuşur. Bu məsələyə başqa bir aspektdən yanaşmaq düzgün deyil. Yəni şəriətdə qadınla kişinin qəbrinin dərinliyi arasında fərq nəzərdə tutulmayıb. Bu, şəriətə deyil, adət-ənənəyə əsaslanan bir məsələdir.
Qadınların dərin basdırılmasının başqa səbəbi var ki, bu da xoşagəlməz qoxuyla bağlıdır. Belə ki, qadınlar dəfn olunarkən, kişilərə nisbətən bədəndə çürümə gedən zaman daha çox pis qoxu gəlir. Çünki qadının bədəni daha tez iylənir. Məhz bu əsas səbəb kimi götürülərək, kişilərlə müqayisədə dərində basırılır.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:15 / 25.01.2023
Qadın kişidən niyə dərin BASDIRILIR? – Ayrı-seçkiliyin QƏRİBƏ səbəbləri
Hazırda oxunan: Qadın kişidən niyə dərin BASDIRILIR? – Ayrı-seçkiliyin QƏRİBƏ səbəbləri
Hazırda oxunan: Qadın kişidən niyə dərin BASDIRILIR? – Ayrı-seçkiliyin QƏRİBƏ səbəbləri
116440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.