Lənkəran teatrında QALMAQAL – Keçmiş direktorun “ÖLÜCANLARINI” yeni direktorla nə bağlayır?

Hazırda oxunan: Lənkəran teatrında QALMAQAL – Keçmiş direktorun “ÖLÜCANLARINI” yeni direktorla nə bağlayır?

116428

Lənkəran Dövlət Dram Teatrında kadr dəyişikliyi olub.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, 9 il teatra rəhbərlik edən Tofiq Heydərov işindən kənarlaşdırılıb, onu hazırda nazirliyin əmr ilə müvəqqəti olaraq teatrın direktor müavini İntiqam Hacılı əvəz edir.

2022-ci ilin may ayından teatra direktor müavini təyin olunan İntiqam Hacılı ilk gündən teatrda olan ölücanlarla mübarizə aparmaqla gündəmə gəlib.
 

Teatrdan əldə etdiyimiz məlumata görə, hazırda kollektiv çaşqınlıq içindədir. Adının çəkilməsini istəməyən mənbənin bildirib ki, qısa bir vaxt ərzində teatrda çox ciddi proseslər baş verib:

“İxtisasca aktyor olan, heç bir rejissor təcrübəsi olmayan Anar Babalı Mədəniyyət nazirliyinin teatr sektorunun müdiri Könül Cəfərlinin dəstəyi ilə teatra baş rejissor gətirilib. Kollektivlə hesablaşan yoxdur.

Baş rejissorun bu müddıt ərzində heç bir müsbət işinin şahidi olmamışıq. Gələn gündən “kimsə məndən ad gözləməsin” deyən Anar Babalı köhnə direktorla dil taparaq şəxsi maraqları üçün çalışıb. Mədəniyyət nazirliyindəki himayədarları vasitəsi ilə gələn kimi ona prezident təqaüdü də verildi. Baxmayaraq ki, illərlə bu təqaüdü gözləyən aktyorlar var”.

İntiqam Hacılının təyinatına isə teatr kollektivi birmənalı yanaşmayıb:

“İntiqam Hacılı, Allah tərəfi, hələ müavin təyin olunduğu ilk gündən köhnə direktorla ölücanların işdən çıxarılması üçün mübarizə aparıb. Onun sayəsində biz bildik ki, teatrın sexlərində göründüyündən artıq işçi ştatdadır. Təkcə səhnə fəhləsi ştatı 5 nəfər olduğu halda iki nəfər işə çıxır. Təsəvvür edin ki, iki nəfərdən biri xəstələnərsə, deməli iş dayanır.

İllərdir bu proses davam edir, tamaşalara demək olar ki, vəsait ayrılmır. Biz nə vaxta qədər sexlərdə iylənmiş nimdaş paltarlar geyinib səhnəyə çıxacağıq. Nə vaxta qədər tərtibat qurmaq üçün illərin köhnə dekarasiyalardan istifadə edəcəyik. İnanın, heç təzə gələcək direktora da güvənmirik”.

Məlumatlı mənbə deyir ki, teatrda demək olar ki, bütün rəhbər şəxslərin ailə üzvləri ştatda var. İşə gəlmədən əmək haqqı alırlar:

“İntiqam Hacılı bir müddət sələfini divara dirəmişdi ki, ona ştat cədvəlini göstərsin.”

Teatrda isə hazırda təhvil-təslim prosesinə hazırlıq gedir. Son durum haqqında sualımızı teatrın direktor əvəzi İntiqam Hacılıya ünavanladıq. Direktor əvəzi bildirdi ki, hələ təhvil-təslim olmayıb, iş gedir:
 

“Komissiya yaradılıb. Komissiyanın apardığı işin nəticələri haqında məlumat veriləcək”.

"Ölücanların" taleyi ilə bağlı sualımızı isə İntiqam Hacılı niyəsə cavablandırmaq istəmədi.

Qeyd  edək ki, son günlər İntiqam Hacılı teatrda baş verən qanunsuzluqlarla bağlı öz sosial hesablarında müxtəlif paylaşımlar etməklə diqqət çəkib.

Mövzunu diqqətdə saxlayacağıq.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin