Artıq qoyunlar quzulamağa başlayır - “Saya gəzdirmək” mərasimi haqda MARAQLI FAKTLAR

Hazırda oxunan: Artıq qoyunlar quzulamağa başlayır - “Saya gəzdirmək” mərasimi haqda MARAQLI FAKTLAR

116413

Azərbaycan xalqının mədəni həyatında qədimdən süzülüb gələn maraqlı adət-ənənələri, özünəxas milli-mənəvi dəyərləri var. Günümüzün reallığı bizləri bu adətlərin bir çoxundan xəbərsiz qoyur. Və təəssüflər olsun ki, onların yerini xaricdən gələn süni, bayağı bayram təqlidləri ilə doldurmağa çalışdığımız da olur.

Məsələn, hazırda qış fəslinin tən ortasını yaşayırıq. Maraqlıdır ki, keçmiş dövrlərdə xalqımız bu tarixdə-qışın tən yarısında “Saya gəzdirmək” gününü qeyd edib. Amma bu barədə çox az insanlarda məlumat var.

Mövzu ulə bağlı Bizim.Media-ya AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, etnoqraf Bəhmən Əliyev danışıb.

“Saya gəzdirmək” günü nədir və necə qeyd olunur?

Onun sözlərinə görə, ictimai rəydə, bəzən də elmi tədqiqatlarda Novruz bayramı daha çox əkinçilik bayramı kimi xarakterizə olunsa da bu bayrama aid mərasimlərin əksəriyyəti maldarlıq təsərrüfatı ilə əlaqədardır: 
“Novruz təqviminə aid olan mərasimlərdən biri “Saya gəzdirmək” adı ilə də tanınıb: “Qoç qatımı”ndan (təxminən 10-15 oktyabr) keçən yüzüncü gün, yəni, “Qaraqış”ın (“Böyük çillə”) sonuna bir həftə qalmış kəndlərimizdə saya gəzdirərdilər. Təxminən yanvar ayının 23-24-nə təsadüf edən “Saya gəzdirmək” mərasimi qışın tən yarısının keçməsini, heyvanların bala verməsinə az qaldığını bildirir. Bu mərasim zamanı müxtəlif sayaçı sözlər işlədilir”.

Bəhmən Əliyevin sözlərinə görə, sayaçı sözlər xalqımızın təsərrüfat həyatı  və mənəvi mədəniyyəti ilə sıx bağlı şifahi xalq yaradıcılığı nümunələridir.

Belə ki, min illər ərzində xalqımız bu sözlər vasitəsilə madd-mənəvi mədəniyyətinə münasibətini ortaya qoyub: 

“Tarixinə baxsaq, bu mərasim və sözlərin maldarlıq meydana çıxdığı vaxtdan başladığını iddia etmək mümkündür. Məsələn, Azərbaycanda köçəri maldarlığın ortaya çıxmasının Tunc dövründən başladığını arxeoloji etnoqrafik tədqiqatlar da sübut edir. Zaman keçdikcə dilimizdə olan inkişaf, insanların zövqlərinin dəyişməsi müəyyən dəyşklikləri gətirsə də, bu cür mərasim və sözləri də Tunc dövrü ilə əlaqələndirə bilərik.  

Saya yaxşı sayadı,
Yeri-yurdu qayadı.
Onun gözəl sözləri,
Yatanları oyadır.

Təkəmə bir pay gətir,
Tikələri say gətir.
Təkəni tez yola sal,
Özünə bir tay gətir.

Nənəm qoyunun ağı,
Gedir dolanır dağı.
Qızlara cehiz ağı,
Uşağa bələk bağı.
Qarı tutanda yağı,
Gəlin yeyər qaymağı və s”.

Müsahibimiz deyir ki, “sayaçı” kəlməsi “sayalı olan, xeyir gətirən” mənasını daşıyır: 

“Yəqin ki, “Əli-ayağı sayalı olsun”-alqışını eşitmisiniz. Sizin də işiniz-gücünüz sayalı olsun.

Bu saya yaxşı saya,
Hәm çeşmәyә, hәm çaya,
Hәm ülkәrә, hәm aya,
Hәm yoxsula, hәm baya
Bu saya kimdәn qaldı?
Adәm atadan qaldı.

Saya hər zaman xoşbəxtliyi, xoş münasibəti ifadə edib. 

İnsanlar bəzən bu sözlərin mahiyyətinə fikir vermirlər. Bir çox nağıllarımız da sayaçı sözlərlə yaranır. Nənələrimiz sayaçı sözlərdən balacaları əyləndirmək, tərbiyələndirmək üçün də istifadə edib. Bu mərasimlər günümüzə qədər daha çox teatrlaşdırılmış formada gəlib çıxıb”.
Etnoqraf vurğulayır ki, sayaçı sözlərdə insan amili var. Dil, tarix, mədəniyyət, fəlsəfə var.

Sәlam әleyk say bәylәr,
Bir-birindәn yey bәylәr!
Saya gәldi gördünüz,
Salam verdi aldınız
Alnı tәpәl qoç quzu
Sayaçıya verdiniz.  

Müsahibimiz sözlərin mənasını belə izah edir: 

“Türkiyəlilərdə sayın (hörmətli) sözü var. Salam əleyk say bəylər, bir-birindən yey (yaxşı) bəylər. Sayaçı sözlərdə dilimiz, tarximiz var. Sadə göründüyü qədər fəlsəfi mənası var. Bir sözlə, bu mərasim və sözlərdə Azərbaycan xalqının təsərrüfat həyatı, mənəvi dünyagörüşü ilə bağlı sadə dilli fəlsəfi fikirləri var”.

Xaricilərdən gələn bayağı mərasimlər, yoxsa yerli adətlər... 

Müsahibimiz deyir ki, indi ölkəmizdə də yayılıb, “Cadılar” (Balqabaq) bayramı deyilən bir bayram qeyd edirlər: 

“Bu bayram sırf köçəri maldarlarlıqla bağlı bayramdır. Sayaçı sözlər və “Saya gəzdirmək” də maldarlıqla bağlıdır. Biz elə bilirik ki, bu bayram xaricdən gəlirsə, nəsə xüsusi bir şeydir. Sayaçı sözlərimizi, mərasimləri müasir texnologiyalara tətbiq etməklə cizgi filmləri çəkmək, uşaqlara sevdirərək gözəl ənənələrimizi öyrətmək olar. Məşhur musiqiyə belə çevirmək olar ki, dünyada tanınar”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin