O hasarlar yaxın gələcəkdə söküləcək - İsrarlı olsaq...

Hazırda oxunan: O hasarlar yaxın gələcəkdə söküləcək - İsrarlı olsaq...

116300
Son günlər hakimiyyətlə vətəndaşların arasında gərginliyin artmasını yəqin ki, hamı qəbul edir. Bu qarşıdurmada hakimiyyətin günahı şübhəsizdir və səbəbləri barədə son günlər çoxlu sayda yazı olub. Ancaq biz vətəndaşların heç bir günahı yoxdur desək haqsız olarıq. Bilirəm, bu fikri, özü də bu gün az insan qəbul edəcək. Ancaq fikrimi əsaslandırmaq üçün bir misal göstərim:
Məmur - Vətəndaş münasibətinin bir göstəricisi də hamıya mənsub olan Xəzər sahilinin məmur oliqarxlar tərəfindən vətəndaşların üzünə bağlanmasıdır. Xəzərin hasarlanması bir günə baş vermədi, bu illərlə davam etdi. Biz susduqca hasarlanan ərazi daha da genişləndi və artıq ənənəvi çimərliklər də şəhər sakinlərinin üzünə bağlanmağa başladı.xa0
Bu barədə ara-sıra yazılar oldu, o cümlədən birinci dəfə xalq artisti, millət vəkili Zeynəb Xanlarova bu məsələni Milli Məclisdə qaldırdı. Fəqət, bunlar hamısı epizodik xarakter daşıdı. Ardınca Xəzər dənizinin sahilinin zəbt edilməsi ilə bağlı iki video material (şərhdə) hazırladıq və Facebook-da paylaşdıq. Az müddətdə videolara bir milyona yaxın baxış oldu. Bu dəfə materiallar vətəndaşlar tərəfindən bəyənildi, paylaşıldı, bir çoxları bu barədə ayrı-ayrı yazılar yazmağa başladı, yəni uzun müddət bu məsələ gündəmdə qaldı və hesab edirəm ki, tam olmasa da nəticə əldə edildi.
Bu günə qədər bu barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən bir neçə dəfə qanunvericiliyə dəyişiklər edildi. Bu gün də Prezidentin rəsmi səhifəsində 18 dekabr 2015-ci il tarixdə imzalanmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (şərhdə) dərc edilib. Dəyişikliyə əsasən torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaq. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.

Ancaq biz mütəmadi olaraq bu məsələni səhifələrimizdə paylaşanda “əşşi, bu yazıların nə xeyri var, özünüzü niyə yorursunuz”x9d məzmunlu şərhlər də az deyildi. Əminəm ki, əgər hamılıqla bu prosesdə israrlı olsaq artıq dəniz sahili boyu olan hasarlar sökülmüşdü. Bununla belə, yenə əminəm ki, israrlı olsaq o hasarlar yaxın gələcəkdə söküləcək.
Bir daha təkrar edirəm, biz vətəndaş olaraq özümüzə inanmalıyıq və bilməliyik ki, bizim həll edə bilməyəcəyimiz məsələ yoxdur. Sadəcə qaldırılan məsələdə israrlı və həmrəy olmalıyıq.

Aslan İsmayılov, tanınmış hüquqşünas
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin