Boşanmalar üçün YENİ MƏHKƏMƏ yaradılır? – Zərurətdən yaranan TƏKLİF 

Hazırda oxunan: Boşanmalar üçün YENİ MƏHKƏMƏ yaradılır? – Zərurətdən yaranan TƏKLİF 

116219

Cəmiyyəti narahat edən problemlərdən olan boşanmaların qarşısının alınması ilə bağlı müxtəlif təkliflər mütəmadi gündəmə gətirilir. Ötən gün belə təkliflərdən biri də deputat Sədaqət Vəliyeva tərəfindən səsləndirilib.

Belə ki, o, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Azərbaycanda ailə məhkəmələrinə ehtiyac olduğunu deyib. Deputatın fikrincə, mövcud məhkəmələrin ailənin niyə dağılması ilə maraqlanmağa vaxtı yoxdur.
Qeyd edək ki, 2021-ci ildə qeydə alınan 56314 nikahdan 17191 boşanma ilə nəticələnib. Ötən ilin yanvar-noyabr aylarında isə 57033 nikaha daxilolma və 14525 boşanma halı qeydə alınıb.

Bəs ailə məhkəmələri boşanmaların qarşısının alınmasında rol oynaya bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını hüqüqşünas Əlövsət Allahverdiyev cavablandırıb. Müsahibimzin fikrincə, ailələrin dağılmaması üçün insanların düşüncəsi dəyişməlidir: 

“Düşünmürəm ki, ailə məhkəməsi ailənin dağılmasının qarşısını alacaq. Məhkəməyə müraciət edənlər kimlərdir? Təcrübə göstərir ki, bu şəxslərin məhkəməyə qədər olan dövrdə ailə bağları tamam qırılıb. Aralarında heç bir ailə dəyəri, münasibəti qalmayıb. Məhkəmə buna nə edəcək? Məhkəmənin rolu burada sadəcə boşanmanın, alimentin, əmlak bölgüsünün ədalətli şəkildə tənzimlənməsindən ibarətdir. Əlbəttə, ixtisaslaşmış ailə məhkəməsi olarsa, qeyd etdiyim məsələlər ədalətli məhkəmə baxışı ilə təmin olunacaq, lakin boşanmanın qarşısını almayacaq”. 

Hüquqşünas ailə mübahisələrinə məhkəmə baxışında mövcud olan çatışmazlığa da toxunub: 

“Bizdə məhkəmələr ailə münasibətləri ilə bağlı mübahisələrə demək olar ki, kollektiv qaydada baxır. Hər ailəyə münasibətdə diqqətli olmaq vacibdir. Bir ailənin mübahisəsini digər ailə bilməməlidir. Təbii ki, bu halda tərəflər sübutlarını təqdim etməkdə də çətinlik çəkirlər. Bu səbəbdən də ailə mübahisələrinə məhkəmə baxışında ciddi çatışmazlıqlar mövcuddur”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin