BİZİM TƏQVİM: 20 Yanvardan bir gün sonra nələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 20 Yanvardan bir gün sonra nələr baş verib?

115839

1990-cı ilin bu günü paytaxt Bakıda Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası başlayıb. Sessiyada “Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında” qərar qəbul olunub, Amma Ali Sovetin qərarı həyata keçirilmədən sənəd üzərində qalıb.  

Bəs, 21 yanvarda daha hansı əlamətdar hadisələr baş verib?

1. 21 yanvar 1522-ci ildə Egey dənizindəki on iki adaların ən böyüyü olan Rodos adası Osmanlı donanması tərəfindən fəth edilib. Ada təqribən 400 il Osmanlı imperiyasının mülkiyyətində qalıb.

2. 1793-cü ilin 21 yanvarında Fransı kralı 16-cı Luis gilyotinlə edam edilib. Məhkəmədən sonra edam edilən tək fransız kralı Luis vətənə xəyanətə görə edam edilib.

3. 1922-ci ilin bu günü Gürcüstanda Azərbaycan dilində “Yeni fikir” qəzeti nəşrə başlayıb. Həmin dövrdə Gürcüstan ziyalıları ilə yanaşı Səməd Vurğun, Mikayıl Müşfiq, Hüseyn Cavid və digər görkəmli qələm sahibləri bu qəzetlə əməkdaşlıq ediblər.

4. 21 yanvar 1951-ci ildə 1950-1953-cü illər arasında edilən, Şimali Koreya ilə Cənubi Koreya arasındakı Koreya müharibəsinə göndərilən Türk əsgərlərindən ilk xəstə və yaralı qafiləsi Ankaraya gəlib.

5. 1954-cü ilin 21 yanvarında ilk nüvə sualtı gəmi Nautilus ABŞ-da Konnektikutda dənizə endirilib.

6. 21 yanvar 1990-cı ildə Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirərək sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar qırğınını pisləyən bəyanat verib. Sovet İttifaqının rəhbərliyində yüksək vəzifələrdən istefa verdikdən sonra təqiblərə məruz qalan və həmin dövrdə Moskvada xəstəxanada müalicə olunan Heydər Əliyev bu ağır günlərdə xalqı ilə həmrəy olduğunu nümayiş etdirib.

7. 21 yanvar 1996-cı ildə Fələstində ilk dəfə keçirilən prezident seçkilərini Yaser Ərafat qazandı.

8. 2012-ci ilin 21 yanvarında Türkiyədə cərrah Ömər Özkan və heyəti dünyanın ilk uğurlu üz köçürməsini Antalyadakı Akdeiz Universiteti xəstəxanasında  həyata keçirdib.

9. Türkiyəyə prezident hökumət sistemini gətirən konstitusiya dəyişikliyi 2017-ci ilin 21 yanvar tarixində Türkiyə Böyük Millət Məclisində qəbul edildi. 18 maddədən ibarət və 339 səslə qəbul edilən dəyişikliyə əsasən, prezident və millət vəkilliyi müddəti 5 ilə yüksəldildi və deputat sayı 600-ə çıxarıldı.

21 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Azərbaycanın görkəmli türkoloq alimi Bəkir Çobanzadə 1893-cü ilin bu günü Simfiropol qəzasının Arqın kəndində dünyaya gəlib.B.Çobanzadə 1921-1923-cü illərdə Krım-Tatar Muxtar Sovet Sosialist Respublikasının maarif komissarı işləyib. O, 42 yaşında (1935) SSRİ Elmlər Akademiyası Azərbaycan filialının həqiqi üzvü, Paris Dilçilik Cəmiyyətinin üzvü olub.    Bəkir Çobanzadə türk dillərinin müqayisəli qrammatikası, tədris metodikası, türk xalqlarının ədəbiyyat tarixi və folkloruna dair tədqiqatların müəllifidir.  Alim 1938-ci ildə Stalin repressiyasının qurbanı olub. (1893-1938)

2. Rusiya Oktyabr İnqilabının lideri və SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) qurucusu Vladimir İliç Lenin 1924-cü il 21 yanvarında 53 yaşında vəfat edib.  

3. 21 yanvar 1924-cü ildə Azərbaycanın görkəmli bəstəkarı Şəfiqə Axundova anadan olub (1924-2013). "Gəlin qayası" operasının (1972) müəllifi olan Şəfiqə Axundova tarixə Şərqin ilk opera yazan qadın bəstəkarı kimi düşüb. O, həm də bir sıra gözəl mahnıların, simli kvartet üçün pyeslərin müəllifidir.

4. 1999-cu ilin bu günündə görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərov vəfat edib (1922-1999). Şuşada doğulan S.Ələsgərоv 11 operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaların, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının və digər əsərlərin müəllifidir. Bəstəkarın “Ulduz” musiqili komediyası 11 dilə tərcümə edilib və ekranlaşdırılib.
5. 21 yanvar 2008–ci ildə Azərbaycan opera səhnəsinin görkəmli nümayəndəsi Lütfiyar İmanov vəfat edib (1929-2008). 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və digər klassik opera əsərlərində rol alıb.

6. 1950–ci ilin 21 yanvarında Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqub anadan olub (1950-2016). Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulan Z.Yaqub 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci ildə Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib və ömrünün sonunadək bu vəzifədə çalışıb. Şeirlərinə onlarla mahnı bəstələnib.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin