Yazıçılar Birliyində təqaüd QALMAQALI - SƏBƏB

Hazırda oxunan: Yazıçılar Birliyində təqaüd QALMAQALI - SƏBƏB

11559

Günlərdir sosial şəbəkədə müzakirə olunan mövzulardan biri də yazarlara verilən “Prezident təqaüdü” məsələsidir. Bəzi gənc yazarlar bu mükafatlandırmanın şəffaf keçirilmədiyinin və təqaüd alan yazarların adlarının rəsmi olaraq heç bir yerdə yayımlanmadığını deyir.

Onların sözlərinə görə, ümumi siyahı açıqlanmaq yerinə iki-üç nəfər gözdən pərdə asmaq üçün ictimaiyyətə az-çox məşhur olan adamların adı ortaya çıxır, qalan siyahı isə tapılmır.

Məsələ ilə bağlı Bizim.Media bəzi tanınmış yazıçılara müraciət edib, onlardan məsələ ilə bağlı fikir öyrənib.

Bizim.Media-ya açıqlamasında Kulis.az saytının baş redaktoru, yazıçı Şərif Ağayar AYB-nin üzvü olmadığını bildirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı yazıçının kitabı Türkiyədə çap olundu - FOTO


Onun sözlərinə görə, hər il yeni siyahı tərtib edildiyi üçün istər-istəməz layiq olmayan yazarlar da mükafatlandırılır.

Ş.Ağayar həmçinin təqaüd alan şəxslərin adlarının mütləq şəkildə açıqlanmalı olduğunu bidirib:

“Mənə qalsa, bu cür yardımlar şəxslərə deyil, layihələrə və konkret işlərə ayrılsa yaxşı olar və ədəbiyyat üçün fayda verər. Siyahı isə bütün hallarda açıqlanmalıdır. Çünki söhbət büdcə vəsaitindən gedir”.

Gənc şair Aqşin Yenisey isə mövqeyini sərt şəkildə bildirib. O, indiyə qədər heç bir təşkilatdan təqaüd almadığını deyib:

“İndiyə qədər heç bir təşkilatdan təqaüd, mükafat almamışam. Heç vaxt AYB-nin üzvü də olmamışam. Ədəbiyyatı təqaüd, mükafat məddahlıgına çevirənlərlə məsafəli davranıram. Ona görə də hər hansı təşkilatda gedən proseslərlə maraqlanmıram, o cümlədən AYB ilə”.

Gənc yazıçı Ruzbeh Məmməd isə qəzet və jurnallarda yazdıqlarına görə qonarar ala bilməyən yazarın heç olmasa yazdığına görə dəyərləndirilməli olduğunu qeyd edib. O, bəzi nüanslara da toxunub:

“AYB-yə üzv olan gənc yazarlara ayda 200, eləcə də yaşlı nəsilə 300 manat dəyərində birillik təqaüd verir. Amma düşünürəm ki, bu bölgü ictimaiyyətə hər il mütləq şəkildə açıqlanmalıdır. Ümumilikdə təqaüd verilməsi məsələsinə yenidən baxılmalıdır. Mən bildiyim odur ki, son illər bu mükafatın verilməsi daha da bəsitləşdirilib. AYB humanist davranır”.

Sonda Ruzbeh Məmməd bir dəfə “Prezident təqaüdü” aldığını deyib.

Məsələnin rəsmi tərəfini öyrənmək üçün AYB-ə müraciət etdik. Yazıçılar Birliyinin gənclər və iş üzrə katibi Rəşad Məcid açıqlamasında qeyd etdi ki, 2007-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaşlı və gənc yazarlara təqaüd verilir. Onun sözlərinə görə, 14 il ərzində AYB 280 nəfər gənc yazıçıya təqaüd verib.

Təqaüd alan gənc yazarların adlarının açıqlanmaması məsələsinə gəldikdə isə R.Məcid bildirdi:

“Bu barədə mükafatlandırılan yazıçılar özləri sosial şəbəkə hesablarında məlumat yayımlayırlar. Bundan başqa AYB- də hər zaman onların adlarını ictimaiyyətə açıqlayıb. Burada heç bir gizlin söhbət yoxdur. Təqaüd alan yazıçılar əllərini qaldırsalar kimin kim olduğu ortaya çıxacaq. Təqaüdçülərin adlarının açıqlanmaması haqqında yayılan söz-söhbətlər yanlış fikirdən başqa heç nə deyil. Çünki gənc yazıçılarla bağlı hər şey şəffaf şəkildə təşkil olunur”.

Katib iki ildir ki, AYB-yə qəbulun dayandırıldığını da bildirib:

“Sadəcə son iki ildə AYB-yə üzv olmaq üçün qəbul dayandırılıb. Lakin biz əvvəldən AYB-ə üzv olan hər bir gənc yazıçıya “Prezident təqaüdü” almaq üçün şərait yaradırıq. Heç bir gənc bizim qayğımızdan kənar qalmır”.

O, narazılıq doğuran məqamlardan da danışıb:

“Prezident təqaüdü hər adama bir dəfə verildiyi üçün bəzi narazılıqlar var. Bu mükafat bir nəfərə təkrarən verilmir. Bu da AYB-nin katibliyinin qoyduğu qaydadır. Sözsüz ki, burada da istisnalar var. Gənc yazar Ayxan Ayvaz ailəsində baş verən faciəyə görə ona təqaüd ikinci dəfə təqdim olunub. Bundan başqa Ruslan Dostəli xaricdə təhsil aldığı üçün ona da bu cür yardım edilib”.

Sonda AYB-nin katibi təqaüd alan yaşlı nəslin nümayəndələrindən də söz açıb:

“Təqaüd alan yaşlı yazıçıların siyahısına gəldikdə isə onlar özləri adlarının hallanmasına ehtiyac olmadığını bildiriblər. Ancaq kimsə maraqlansa siyahını AYB-dən və ya Mədəniyyət Nazirliyindən əldə edə bilər”.

Xatırladaq ki, AYB dövlət büdcəsindən ayrılan məvacib hesabına gənc yazarlara ayda 200 manat, yaşlılara isə 300 manat hesablanmaqla birdəfəlik, birillik təqaüd verir. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin