Gənc alimin ABŞ-a getmək üçün dövlət dəstəyinə ehtiyacı var – Deputatın REAKSİYASI  

Hazırda oxunan: Gənc alimin ABŞ-a getmək üçün dövlət dəstəyinə ehtiyacı var – Deputatın REAKSİYASI  

115585

Gənc tədqiqatçı alim Orxan Vəliyev Boston Universitetinin professorlarından Liah Greenfeldlə 6 aylıq qonaq tədqiqatçı kimi çalışmaq üçün qəbul alsa da bu cür tədqiqat prosesinin dəstəklənməsinə dair mexanizm olmamasının çətinlik yaratdığına dair özünün “Facebook” hesabından paylaşım edib.

O bildirib ki, ABŞ-a səfər, orada qalmaq kimi xərcləri qarşılaya bilməyəcəyinə görə, bu imkandan imtina etməli olacaq:

“Azərbaycan elminin inkişafında tədqiqat məsələsinə dair yanaşmada hələ də əskiklik olduğu aşikardır. Xüsusi ilə Azərbaycan universitetlərində fəaliyyət göstərən tədqiqatçıların xaricdə aparacağı tədqiqatlarının maliyyələşdərilməsində əskiklik var.
Elmi tədqiqatların aparılmasında Qazaxıstan, son illərdə Özbəkistan, hətta Cənubi Qafqazdakı qonşu dövlətlərdən də geridə qaldığımız məlum olur. Bir halda ki, Azərbaycanın dünya səviyyəsində akademik göstəricələrinin inkişafına dair strategiya qəbul edilib, tədqiqatçıların xaricdə aparacağı araşdırmaların dəstəklənməsinə təkrar baxılmaqda fayda vardır”.

Gənc alimin qaldırdığı məsələ cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri giley-güzara yol açsa da, məsələyə adekvat yanaşanlar da var. Elmimiz naminə alimimizə kömək etmək üçün variantlar təklif edənlər də yox deyil.

Biz isə bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Ceyhun Məmmədovla həmsöhbət olduq.

Müsahibimiz Bizim.Media-ya söyləyib ki, bu, önəmli məsələdir və həlli üçün çalışmaq lazımdır:

“Zaman-zaman ayrı-ayrı vətəndaşlarımıza bu cür imkanlar yaranır, lakin onlar maddi baxımdan çətinliklə qarşılaşırlar. Adətən belə məqamlarda 15-20 min civarında büdcə lazım olur ki, bunu da həmişə tədqiqatçılarımızın ödəmək imkanı olmur.
Hesab edirəm ki, biz bu məsələni həll etmək üçün bir mexanizm fikirləşməliyik. Bunu Elm Fondunun və ya Elmin İnkişafı Fondunun xətti ilə həll edə bilərik. Hesab edirəm ki, sözügedən qurumlar bu məsələlər barədə ciddi düşünməlidirlər və belə imkanlar yarananda alimlərimizə dəstək olmalıdırlar ki, onlar təcrübə keçib araşdırmalarını apara bilsinlər”.

Deputat qeyd edib ki, bu gün ölkəmizin həmin gənclərə dəstək olmaq üçün imkanı var:

“Bu gün gənc tədqiqatçılarımızın dəstəyə ehtiyacı varsa, dövlətin də onlara dəstək olmaq üçün imkanları var. Bu, böyük bir imkan, fürsətdir. Alimlərimizin xaricə getməsi, tədqiqat aparması, alimlərlə ünsiyyətdə olması elmimizə töhfələr verər.

Buna görə Elm və Təhsil Nazirliyi, aidiyyatı qurumlar, universitetlər bu məsələ ilə bağlı ciddi düşünməlidirlər. Universitetlərin özündə də bu istiqamət üçün büdcə olmalıdır ki, tədqiqatçılarımız bu fürsətlərdən yararlana bilsinlər.
Əslində, bu dövlətimiz üçün böyük bir büdcə deyil. Müvafiq dövlət qurumları təkliflə çıxış etsələr, dövlətimiz də bu məsələyə öz reaksiyasını verər. Bu, önəmli bir məsələdir və həlli üçün çalışmalıyıq”.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin münasibətini öyrənmək üçün isə sorğumuza cavab gözləyirik.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin