Salam əsgər.
Sənə bu məktubu öz isti
otağımdan, həyat və təhlükəsizliyim üçün heç bir qorxu və təlaş duymadan, güvən
və əminlik duyğusu içərisində yazıram. Çünki bilirəm ki, sənə olan sevgi və heyranlığımı
ifadə etmək üçün düşündüyüm bu dəqiqələrdə, sən öz soyuq səngərində, dəhşətli
şaxtaya, ölüm təhlükəsinə baxmayaraq mətin dayanmısan. Və bilirəm ki, bu ecazkar
mətinliyi heç bir qüvvə sarsıtmaq iqtidarında deyil. Çünki səni sən edən mətinliyin
arxasında əsl əsgər ruhu, xalq sevgisi, torpaq məhəbbəti dayanır.
Bu məktubu sənə yazmaqda
məqsədim heç də sənə mənəvi dəstək vermək, daşıdığın missiyanın necə böyük və şərəfli
olduğunu izah etmək deyil. Sən bunu onsuz da yaxşı bilirsən. Mən sadəcə, bu
qısa məktubda səni sənə anlatmağa çalışacam. Çalışacam ki, özünü, sahib
olduğun, ruhunda və damarlarında gəzdirdiyin böyük, əsrarəngiz gücün necə bir
qüdrətə malik olduğunu daha aydın dərk edəsən.
Sən sadəcə əlində silah
tutan, əynində yaşıl mundir daşıyan biri deyilsən əsgər. Sən hər cür qorxu və zəifliyi
özünə yasaqlayan, tərəddüd və qətiyyətsizliyi
özünə qadağan edən, damarlarından iliyinə qədər mübarizlikdən yoğrulan döyüşçüsən.
Sənin ən mükəmməl silahın
sənin cəsarətindir və bu silah sənə paslı bir mismarı, adi ağac parçasını,
xırda bir əşyanı belə dünyanın ən qorxunc silahına çevirməyə imkan verir. Sənin
iradən nəinki ən azğın düşməni, hətta ölümün özünü belə məğlub etmək üçün yetərlidir.
Sən bütün xilas və qurtuluş yolları qapananda belə təslim olmağı bacarmırsan.
Odur ki, tale səni hər zaman ya qazilik, ya da şəhidliklə mükafatlandırır.
Sən heç nədən nəsə
yaratmağı, ümidsizliyi coşğuya, uğursuzluğu zəfərə çevirməyi bacarısan. Sənin
ağır çəkmələrinin səsi bir körpənin titrək qəlb çırpıntıları qədər müqəddəsdir...
Sənin təbəssümün günəşin sehirli şəfəqləri kimi milyonlarla qəlbi isitməyə
qadirdir. Lakin qəzəbin bütün yer üzünü dünyanın özü boyda qəbiristanlığa çevirə
bilər.
Biz yalnız rahat gecələrimizə,
firavan gündüzlərimizə deyil, başımız üzərində dalğalanan, bütün dünyaya
azadlığımızı car çəkən bayrağımızın hər titrəyişinə görə sənə borcluyuq. Çünki
bizi-biz edən bu bayrağı qoruyan, onu öz həyatı bahasına yaşadan sənsən... Və mən
sənin bu təmənnasızlığın, bitib-tükənməyən fədakarlığın qarşısında baş əyirəm.
Və sonda sənə demək istədiyim
son bir söz daha var. Nə zamansa ümidsiz və çıxılmaz vəziyyətə düşsən xilas və
qələbə üçün möcüzəyə deyil, yalnız və yalnız özünə, ruhundakı sevgi və
mübarizliyə üz tut. Unutma, sən ən böyük möcüzəsən!
Yazı Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar”x9d adlı yazı müsabiqəsinə təqdim
etmək üçündür.
Seymur Əliyev
e-mail: [email protected]

































































































