Başqasının yazışmalarını OĞURLAMAQ – Bu əməlin CƏZASI NƏDİR?

Hazırda oxunan: Başqasının yazışmalarını OĞURLAMAQ – Bu əməlin CƏZASI NƏDİR?

115243

Sosial şəbəkə platformalarında başqasını müxtəlif platformalardakı profillərindən şəxsi yazışmalarını izləmək, profillərinin parolunu qırmaq kimi xidmətlər təklif edənlər var. Bundan narahat olanlar olduğu kimi, bu xidmətdən istifadə etmək üçün müraciət edənlər də az deyil.

Bəs deyildiyi kimi başqasının müxtəlif sosial şəbəkə platformalarında başqalarının şəxsi yazışmalarını oxumaq, profillərinin parolunu qırmaq mümkündürmü?
Bizim.Media-nın suallarını cavablandıran informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov bu cür halların mümkün olduğunu bildirib:

“İstifadə etdiyimiz “messenger”lərin veb versiyaları var və hakerlər də çox vaxt bunlardan istifadə edirlər. Dəfələrlə hansısa faylı açdıqdan və ya yüklədikdən sonra hesabının ələ keçirilməsi halları ilə qarşılaşan insanlar olub”.

Mütəxəssis bu cür hallardan qorunmaq üçün kibertəhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini söyləyib:

“Bu, kibertəhlükəsizlik məsələsidir və bu istiqamətdə insanları maarifləndirməyə ehtiyac var. Hələ də bir çox insan öz hesabına, onun təhlükəsizliyi məsələsinə qeyri-ciddi yanaşır. Buna görə, kibertəhlükəsizlik gigiyenası təbliğ olunmalı və ona riayət edilməlidir.

Təəssüf ki, bizdə hələ çoxlarının onlayn mühitdə özünü necə aparmaqla bağlı məlumatı yoxdur”.

Məsələnin hüquqi məsuliyyət tərəfinə qaldıqda isə hüquqşünas Elşad İsayev söyləyib ki, bu, birmənalı olaraq cinayət əməli sayılır:

“Azərbaycan Respublikasının cinayət-prosessual Məcəlləsində kibercinayətkarlıq haqqında ayrıca fəsil var. Bu barədə məsələlər orada öz əksini tapıb. Belə ki, istər adi “Facebook” səhifəsi, istərsə də digər sosial şəbəkə səhifələrinə müdaxilənin özü şəxsin məlumatlarının ələ keçirilməsi sayılır. Şifrənin qırılması ilə məlumatların ələ keçirilməsi arasında 5 saniyə fərq var. Həmin məlumatların ələ keçirilməsi və ya bu istiqamətə yönəlmiş hərəkət cinayət fəaliyyətidir. Bu da qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.

Xidmətdən istifadə üçün müraciət edənlərin məsuliyyət daşıyıb-daşımaması ilə bağlı məqama qaldıqda isə hüquqşünas bildirib ki, belə hallarda daha çox xidmətdən istifadə üçün müraciət edən yox, xidməti göstərən məsuliyyət daşıyır.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin