“Şəhidlər Xiyabanı”nda hazırlıq başladı – Türkiyədən gətirilən QƏRƏNFİLLƏR və... - REPORTAJ

Hazırda oxunan: “Şəhidlər Xiyabanı”nda hazırlıq başladı – Türkiyədən gətirilən QƏRƏNFİLLƏR və... - REPORTAJ

115071

20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı bu gündən “Şəhidlər Xiyabanı”nda hazırlıq işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Qeyd olunub ki, hazırlıq prosesinə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub:

“Bakı Şəhər İcra Hakimiyyətinin qurumları Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görüb başa çatdırıb. Ağacların budaqlarını, bəzi kolları budayıb, qazon örtüyünü yeniləyib, yeni güllər və kollar əkib, işıq dirəkləri rənglənib. Səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika işləri də aparılır”.

Bizim.Media-nın əməkdaşları da “Şəhidlər Xiyabanı”nda olub və hazırlıq prosesini yaxından izləyib. 

Hazırlıq prosesində iştirak edən landşaft-dizayner, eləcə də köməkçilərdən bəziləri ilə söhbət etdik. 

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi ağsaqqal Rəşid Mustafayev qönçə qərənfilləri açmaqla məşğul olur. 4 ildir bu işlə məşğul olan müsahibimiz deyir ki, hər il bu gülləri düzüm prosesində o illəri, şəhidləri kədərlə xatırlayır: 

“Keşkə, belə bir faciə olmasaydı. Amma nə etmək olar? Burada hamımız əlimizdən gələn işi edirik”.

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin digər nümayəndəsi Reyhan Mustafayeva deyir ki, illərdir güllərin düzülməsi prosesində iştirak edir: 

“Hər il böyük sevgi ilə şəhidlərimzin xatirəsini yad edir, işimizi də yorulmadan görürük”.

Landşaft-dizayner isə bildirdi ki, hazırlıq işlərinə iki gün əvvəldən, təbii güllərin vurulmasına isə bu gündən başlanılıb: 

“Yanvarın 19-u axşam saat 18:00-a kimi işlər təhvil veriləcək. Kompazisiyaların hazırlanmasında qırmızı, ağ və zoğalı rəngli qərənfillərdən istifadə olunur.Hər gün təzə güllər gətirilir və istifadə olunur. Xüsusi vasitələrin içərisinə düzülən güllər 10-günə kimi öz təzəliyini qoruyub saxlayır”.

Müsahibimiz deyir ki, güllərin düzüldüyü xüsusi qəliblər Çindən, güllər isə Türkiyədən gətirilib. Hər il olduğu kimi bu il də güllərin düzülüşündə fəqrlilik var: 

“Fonda qırmızı qərənfillər düzüləcək, üzrərində zoğalı rəngdə qərənfillər olacaq. Daha çox zoğalı rəngli, tünd qırmızı qərənfillərdən istifadə olunur. Girişdəki kompazisiyalardan başqa, yolboyu, və məzarların üzərinə də güllər düzüləcək”.

Havanın soyuq olmasına baxmayaraq, böyük sevgi ilə gülləri düzən müsahibimiz deyir ki, artıq 6 ildir bu işi görür: 

“Şəhidlərimiz bizimçün canlarından keçiblər, soyuqda o torpaqda yatırlar. Havanın necə olmasından asılı olmayaraq, üç gün burada işləmək nədir ki? Bu da bizim şərəf və qürur işimizdir”.


































Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin