BİZİM TƏQVİM: Bakıda 33 il bundan əvvəl nə baş verdi?

Hazırda oxunan: BİZİM TƏQVİM: Bakıda 33 il bundan əvvəl nə baş verdi?

114630

Azərbaycanın o dövrkü iqtidarının ermənilərin torpaq iddiaları ilə bağlı təhdidlərinə biganə münasibətilə əlaqədar 1990-cı il 14 yanvar tarixindən paytaxt Bakıda kütləvi etiraz aksiyaları başlayıb. İlk vaxtlar Kommunist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında 10 minlərlə adam toplaşaraq ölkə başçısı Əbdürrəhman Vəzirovun istefasını tələb etdi. Ə.Vəzirovun bu haqda rəsmi Moskvaya məlumatından sonra SSRİ-nin müxtəlif bölgələrindən hərbi hissələr Bakı istiqamətində hərəkətə keçdi.   

Bəs, 14 yanvarda daha hansı əlamətdar hadisələr baş verib?

1. 14 yanvar 1301-ci ildə Üçüncü Andraşın vəfatı ilə Macarıstan Arpadlar sülaləsinin hakimiyyəti sona çatıb.

2. 1539-cu ilin bu günündə Kuba İspaniyanın koloniyası olub.

3. 14 yanvar 1858-ci ildə Üçüncü Napoleon ona qarşı həyata keçirilən sui-qəsddən sağ çıxıb.

4. 1907-ci ilin 14 yanvarında Yamaykada baş verən zəlzələ nəticəsində mindən artıq insan həlak oldu.

5. Türkiyə, İran, İraq və Əfqanıstan arasında 1937-ci ilin 8 iyulunda imzalanan Sadabat Paktı 1938-ci ilin bu günü Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqləndi. Tərəfdar olan digər dövlətlərin də təsdiqilə müqavilə həmin ilin 25 iyun tarixindən qüvvəyə mindi.

6. İkinci Dünya Müharibəsi davam edərkən - 1943-cü ilin 14 yanvarında müttəfiq qüvvələr Kazablanka Konfransında bir araya gəldilər. ABŞ prezidenti Franklin Ruzvelt (Franklin Roosevelt), İngiltərənin baş naziri Vinston Çörçil (Winston Churchill) və Fransa prezidenti Şarl de Qoll (Charles de Gaulle) Siciliyaya hücum mövzusunda razılaşdılar. Müttəfiqlər Türkiyənin də müharibəyə qatılması üçün diplomatik təzyiqi artırmaq qərarı verdilər.  

7. 1944-cü il yanvarın 14-dən Leninqrad (Sankt-Peterburq) və Novqorod ətrafında Leninqrad, Volxov və 2-ci Baltikyanı Donanmasının alman faşistlərinə qarşı irimiqyaslı əməliyyatı başladı. Bu əməliyyat martın 1-də Ukraynanın işğalçılardan azad edilməsilə sona çatdı.

8. 1992-ci il yanvarın 14-də Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. Bu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd idi.  Qeyd edək ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini birinci olaraq tanıyan Türkiyə 74 il sonra müstəqilliyini ikinci dəfə elan etmiş Azərbaycan Respublikasını da hamıdan əvvəl tanıyıb. 

9. 2011-ci ilin 14 yanvarında Tunisdə bir adamın özünü yandırmasıyla başlanan qiyam nəticəsində dövlət başçısı Zeynəl Abidin ibn Əli ölkəsindən qaçaraq Səudiyyə Ərəbistanına sığındı. Tunisdə başlayan bu xalq qiyamı "Ərəb baharı" adlanan müharibənin başlanğıcı sayılır.Ölkəsində qiyabi mühakimə olunan və ömürlük həbs cəzasına məhkum edilən Zeynəl Abidin ibn Əli 2019-cu ilin 19 sentyabrında Ciddedə dünyasını dəyişdi.

14 yanvarda kimlər xatırlanır?

1. Bu gün Azərbaycan tanınmış milli şairi Almas Yıldırımın xatirə günüdür.  Şeirlərindəki millətçilik fikirlərinə görə Almas Yıldırım Dağıstana sürgün edilib. Burada da yaradıcılığını davam etdirən şair 2 il sonra Bakıya qayıdıb.  “Dağlar səslənirkən” kitabını çap etdirsə də, onun yayılması qadağan olunub, şairi Yazıçılar Birliyi üzvlüyündən xaric ediblər. Təqiblərə dözə bilməyən Almas Yıldırım Türkmənistana gedib. Buradan isə ailəsilə birlikdə İrana qaçmağa məcbur olub. Bir müddət sonra Türkiyəyə gedib və burada müxtəlif vəzifələrdə çalışıb. O, 1952-ci ilin bu günü 45 yaşında həyatdan köçüb. (1907-1952)

2. Azərbaycanda fizioloqlar elmi məktəbinin təşkilatçılarından biri olan Abdulla Qarayev 1910-cu il 14 yanvarda dünyaya gəlib. Tanınmış alim bioelektrik hadisələrin əsas nəzəri məsələlərini işləyib-hazırlayıb. (1910-1968)

3. Azərbaycanda funksional analizə dair ilk dərsliyin müəllifi, akademik Zahid Xəlilov 1911-ci ilin bu günü Tiflisdə anadan olub.   1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş Z.Xəlilovun əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, hidromexanika, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi və riyaziyyatın başqa sahələrinə aiddir. (1911-1974)

4. Xalq artisti Barat Şəkinskaya 1999-cu ilin bu günündə dünyasını dəyişib. O.Azərbaycanın teatr və kino sahəsində əsas simalardan biri olub.

5. Mirzə Babayev 2003-cü ilin bu günündə vəfat edib. Azərbaycan-sovet kino aktyoru və estrada müğənnisi kimi o Azərbaycanın Xalq artisti adına layiq görülüb.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin