Ölkəmizdə məmur kimi fəaliyyət göstərmiş bir sıra sabiqlərin övladları xaricdə yaşamlarını davam etdirirlər. Həmin məmur övladlarının bir çoxu xaricdə yaşadıqlarını özləri bildiriblər. Əksəriyyətinin isə qürbətdə məskunlaşdıqları müxtəlif araşdırmalar yaxud qarışdıqları olaylarla üzə çıxıb.
Digər maraqlı məqam ondan ibarətdir ki, bəzi məmurların övladları ataları vəzifədə olarkən qürbətə getsələr də, bir qismi atası vəzifədən “vurulduqdan” sonra ölkəni tərk edib.
Bizim.Media övladları xaricdə yaşayan sabiq məmurları araşdırıb.
Əli Həsənov
PA-nın sabiq şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli və qızı Səfiyə Möhbalıyevanın hər ikisi xaricdə yaşayır. Şamxal ABŞ-da daşınmaz əmlak, Səfiyə isə Dubayda qiymətli daş-qaş biznesi ilə məşğuldur. Şamxalın 2021-ci ilin əvvəlindən Azərbaycandakı mülklərini sataraq birdəfəlik ölkədən çıxdığı bildirilir.
Elmar Məmmədyarov
Sabiq xarici işlər nazirinin hər iki oğlu – Emin və Riyad ABŞ-da yaşayır. Riyad Məmmədyarov Nyu-York Universitetində təhsil alıb. Emin Məmmədyarovun adı isə aldığı 4,5 milyon dollar dəyərində daşınmaz əmlaklarla bağlı olan 2020-ci ilin oktyabrında açılmış məhkəmə işində hallanıb. Eks-nazir övladının xaricdə ev alması ilə bağlı faktı özü də mətbuata açıqlamasında təsdiq edib.
Ziya Məmmədov
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da xaricdə yaşayan keçmiş məmur övladlarındandır. O, həyatını İngiltərənin paytaxtı Londonda davam etdirir. Onun 2017-ci ildə Londona köçdüyü bildirilir.
Heydər Əsədov
Sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədova da xaricdə yaşayır. O, Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyat yoldaşıdır və Londonda yaşayır. Heydər Əsədovun oğlu Asif Əsədzadə də Londonda həyatına davam edir.
İsmət Abbasov
Londona üz tutan bir digər nazir övladı isə keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovdur. Onun 2006-ci ildən bu şəhərdə yaşadığı deyilir.
Hacıbala Abutalıbov
Bakı Şəhər İcra Hakimiyyətinə 17 ildən çox rəhbərlik etmiş Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da xaricə üz tutanlardandır. O da Londonda yaşayır.
Əli Abbasov
2014-15-ci illərdə rabitə və yüksək texnologiyalar naziri olmuş Əli Abbasovun oğlu Eldar Abbasov da Londonda yaşayır. O, “Azərenerji “ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiya ilə evlənib.
Oqtay Şirəliyev
Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva da xaricdə yaşayan məmur övladlarındadır. Nərmin Şirəliyeva Rusiya vətəndaşıdır və bir neçə əvvəl Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində çalışıb. Oqtay Şirəliyevin digər qızı Nərgiz Şirəliyeva da Rusiya vətəndaşıdır və 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının (Yedinaya Rossiya) üzvüdür.
Fazil Məmmədov
Keçmiş Vergilər naziri Fazil Məmmədovun qızı Selcanxatun Məmmədovanın da Londonda yaşadığı bildirilir. 2019-cu ildə onun həyat yoldaşı, Fazil Məmmədovun müavini olmuş Namiq Əliyevin oğlu Əbdül Əliyevin Londonda biznes fəaliyyəti ilə məşğul olduğu üzə çıxmışdı.
Qeyd edək ki, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlanları Rza və Seymurun da İstanbula getdiyi, lakin qısa zamanda geri qayıtdığı xəbərləri yayılıb. İddialara görə, onlar biznes məsələləri ilə əlaqədar, Türkiyəyə səfər ediblər. Buna rəğmən yayılan iddialar, Talıbovun uşaqlarının yaxın zamanda ölkəni birdəfəlik tərk edəcəkləri yönündədir.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 13.01.2023
Övladları xaricdə yaşayan sabiq məmurlar – Çoxalan SİYAHI
Hazırda oxunan: Övladları xaricdə yaşayan sabiq məmurlar – Çoxalan SİYAHI
Hazırda oxunan: Övladları xaricdə yaşayan sabiq məmurlar – Çoxalan SİYAHI
114433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.