13 yanvar 1813-cü ildə Çar Rusiyasının ordusu Talış xanlığının Lənkəran şəhərini işğal edib. Rusların əsas məqsədi İranın iki addımlığında olan bu xanlıqda bərkimək və Azərbaycanı parçalamaq üçün burada hərbi istehkamlarını bərkitmək idi. Eyni zamanda İranla aparılan danışıqlarda üstünlük əldə etmək üçün Ərdəbilə qədər yerimək düşüncələri vardı.
Bəs, 13 yanvarda daha hansı hadisələr baş verib?
1. 1822-ci ilin bu günündə Yunan bayrağı ilk Milli Məclisdə qəbul edilib.
2. 13 yanvar 1830-cu ildə Nyu-Orleanda da tarixin ən dəhşətli yanğınlardan biri baş verib.
3. 1908-ci ilin 13 yanvarında ABŞ-ın Pensilvaniya ştatında yerləşən Rods Opera Sarayında baş vermiş yanğında 171 nəfər həyatını itirib.
4. 13 yanvar 1915-ci ildə İtaliyanın Avezzano şəhərində baş verən zəlzələdə 29 min 800 nəfər insan həyatını itirib.
5. 1918-ci ilin bu günündə silahlı erməni dəstələri Zəngəzur qəzasının Pulkənd yaşayış massivinə basqın edərək 19 dinc sakini qətlə yetirib, ərazidə olan bütün tikililər yandırılıb.
6. 13 yanvar 1920-ci ildə İzmir şəhərinin yunan ordusu tərəfindən işğalı qarşısında İstanbulda böyük bir mitinq keçirilib. Təqribən 150 min nəfərin iştirak etdiyi və işğala etiraz edilən mitinqdə şair Mehmet Əmin Yurdakul, Hamdullah Suphi Tanrıövərlə yanaşı Xalidə Edip Adıvar da etdiyi çıxışlarla diqqət cəlb ediblər.
7. 1942-ci ilin 13 yanvarında Henri Ford plastik kütlədən avtomobil hazırlayıb. Bu avtomobillər digər avtomobillərdən 30 faiz daha yüngül idi.
8. 13 yanvar 1966-cı ildə Lindon Conson 1964-cü ildə Türkiyədə o dövrün baş naziri İsmət İnönüyə göndərdiyi və Türkiyə-ABŞ əlaqələrinə ciddi zərbə vuran “Conson məktubu” ilk dəfə mətbuatda yer alıb.
İki il müddətincə ictimaiyyətdən gizlədilən məktubda Conson Türkiyənin Kıbrısa müdaxilə etməsi halında Amerikan silahlarından istifadə edə bilməyəcəyini dilə gətirirdi. Məktubda həmçinin SSRİ-nin Türkiyəyə hərbi müdaxiləsi olacağı təqdirdə NATO müqaviləsinin qüvvədə olmayacağı da vurğulanırdı.
İsmət İnönünün bu xəbərdarlığa cavabı isə “Dünya yenidən qurulur, Türkiyə də o dünyada öz yerini alır” oldu.
9. 1990-cı ilin 13 yanvarında Bakıda bir erməni muzdlusu tərəfindən 2 azərbaycanlı balta qətlə yetirilir. Bundan qəzəblənən xalq Azadlıq meydanında izdihamlı mitinq keçirir. AXC tərəfindən Milli Müdafiə Şurası yaradılır. Həmin gün SSRİ KQB-sinin təşkilatçılığı ilə Bakıda talanlar başlayır. Talanlar 3 gün davam edir.
10. 13 yanvar 1990-cı ildə Füzuli rayonunda 20 minlik izdihamlı mitinq keçirilir. Rayon Partiya Komitəsinin birinci katibi Cavanşir Məmmədov vəzifəsindən istefa verir.
11. 1991-ci ilin 13 yanvarında Vülnisdə Sovet hərbçiləri müstəqillik istəyən litvalılara hücum edib
12. 13 yanvar 2001-ci ildə Salvadorda baş verən zəlzələdə 800-dən çox insan həyatını itirib.
Bəs, 13 yanvarda kimlər xatırlanır?
1. 3 yanvar 2012-ci ildə Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Dənkdaş 88 yaşında həyatını itirdi. Dənkdaşın cənazəsi 17 yanvarda keçirilən mərasimdən sonra Cümhuriyyət Parkındakı abidə məzara dəfn edildi.
2. Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasov 1992-ci ilin 13 yanvarında şəhid olub.
3. 13 yanvar 1994-cu ildə Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev qəhrəmancasına həlak olub.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 13.01.2023
BİZİM TƏQVİM: Lənkəran üçün nəs olan iki 13 rəqəmi
Hazırda oxunan: BİZİM TƏQVİM: Lənkəran üçün nəs olan iki 13 rəqəmi
Hazırda oxunan: BİZİM TƏQVİM: Lənkəran üçün nəs olan iki 13 rəqəmi
114432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.