Ali Baş Komandan bir neçə gün öncə yerli jurnalistlərə verdiyi açıqlamalarda yenə də xoş xəbərlərini vətəndaşlarından əsirgəmədi. Prezident İlham Əliyev illər öncə Qərbi Azərbaycandan deportasiya olunmuş həmvətənlilərimizin öz yurdlarına, tarixi torpaqlarına qovuşacaqları müjdəsini verdi. Qarabağın düşmən tapdağından qurtulmasından sonra bu xəbər demək olar ki, yenidən hər bir azərbaycanlının sevincinə səbəb oldu.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Qərbi Azərbaycanlı olaraq bu müjdəli xəbərlə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb.
O, bu xəbəri çoxdan səbrsizliklə gözlədiyini hətta yuxularında belə doğma yurdunu gördüyünü deyib:
“İllərdən bəri düşüncələrimdə yaşatdığım həmin o diyarın qərib vətəndaşı kimi, sevincliyəm ki, artıq biz həqiqətən qayıdışın, bu reallığın içərisindəyik. 18 il Zəngəzurun Qarakilsə bölgəsinin Şıxlar kəndində dünyaya gələn, uşaqlıq-yeniyetməlik dövrünü burada keçirən bir şəxs kimi bu gün də həmin yurdumuz mənim yuxularımdan çıxmır.
Hətta nəvəmlə yuxularımda o torpaqlarda gəzdiyimi görürəm. O çəmənliklərdə gəzdiyimi, bulaqdan su içdiyimi, gül-çiçək dərdiyimi belə görmüşəm. Buna görə də ümidim çox böyükdür. Mənim də artıq kifayət qədər yaşım var, əminliyim var ki, tezliklə biz həmin torpaqlara da qayıdacağıq”.
Deputat həmçinin ikinci arzusu olan o taylı-bu taylı Azərbaycanı bir görmək, cənublu qardaşlarımızın həsrətinin sona ərməsindən də söz açıb:
“Mənim birinci arzum hər zaman Qarabağın geri qaytarılması ilə bağlı olub. Nəhayət ki, ermənilərin burnunu əzib, onlara tarixi dərsi verə bildik. Mənim ana babam cənubi Azərbaycandan- Ərdəbildəndir. Hər zaman istəmişəm ki, cənubi Azərbaycan müstəqil olsun və bir olaq. Bu mənim gənclik zamanımdan içimdə böyütdüyüm arzudur. Mən inanıram ki, bu arzumuza da çatacağıq”, - deyə qeyd edən F.Ağamalı fikirlərini tamamlayıb.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 13.01.2023
Fəzail Ağamalının ÜÇ ARZUSU - “Birinci diləyim həyata keçib…”
Hazırda oxunan: Fəzail Ağamalının ÜÇ ARZUSU - “Birinci diləyim həyata keçib…”
Hazırda oxunan: Fəzail Ağamalının ÜÇ ARZUSU - “Birinci diləyim həyata keçib…”
114431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.