Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdam Musiqi Kollecində YOXLAMAYA BAŞLADI – ÖZƏL
Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, bu barədə məlumatı ilk dəfə Bizim.Media işıqlandırıb.
Bizim.Media