Ölkəmizə iş üçün gələn İT mütəxəssislərə hansı güzəştlər olacaq? - AÇIQLAMA 

Hazırda oxunan: Ölkəmizə iş üçün gələn İT mütəxəssislərə hansı güzəştlər olacaq? - AÇIQLAMA 

114365

Ötən ilin sonu Prezident İlham Əliyev İKT sektorunda genişmiqyaslı güzəştləri nəzərdə tutan bir neçə qanuna dəyişiklikləri təsdiqləyib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu dəyişikliklərin əhamiyyəti barədə danışıb. 

Bizim.Media xəbər verir ki, Osman Gündüz dəyişikliklər nəticəsində İT sahəsindəki şirkətlərə, fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara ciddi vergi güzəştləri tətbiq ediləcəyini deyib: 

“Bu güşətlərə, əsasən, əcnəbi İT mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün şirkətlər tərəfindən iş icazəsinin alınması da tələb olunmayacaq. Güzəştlər paketinin əhəmiyyəti böyükdür.
Əvvəla, bildirmək istəyirəm ki, qonşu ölkələrdə bu tip güzəştlər bir xeyli öncədən qəbul edilib. Həmin ölkələrə Rusiya, Belarus və Ukraynadan xeyli İT mütəxəssislərin relokasiyası da baş tutub. Bizim ölkəmizdə gec də olsa dəyişikliklər paketinin qəbulu çox əhəmiyyətlidir və bəzi ölkələrlə bu sahədə rəqabətədavamlılıq üçün münbit şərait yaradacaq.

Bununla rəqəmsal sahibkarlığın inkişafı stimullaşdırılacaq, "beyin axınının" qarşısını almağa kömək olacaq. Sektorda yeni, rəqəmsal sahibkarlıq mədəniyyəti formalaşacaq. Dəyişikliklər gələcəkdə ölkəmizin regionda İKT Mərkəzə çevrilməsinə də töhfə verəcək”.

“İkincisi isə əcnəbi İT mütəxəssis və şirkətlər üçün münbit şəraitin yaradılması sektora investisiyaların cəlbi, yerli İT kadrların hazırlanmasının sürətlənməsi və peşəkarlığının artırılması, innovativ mühitin inkişafı və ekosistemin yeni və daha peşəkar oyunçularla güclənməsi baxımından da əhəmiyyətlidir”, - deyə o qeyd edib. 

Osman Gündüzün fikrincə, bütün bu dəyişikliklər və formalaşacaq yeni İT mühit gələcəkdə ölkəmizdə ÜDM-də İKT-nin xüsusi çəkisinin artmasında və İT eksportun həcminin yüksəlməsində də özünü göstərəcək: 

“Bir daha vurğulamaq istərdim ki, bu güzəştlər paketinin hazırlanması və kordinasiya olunmaqla ortalığa çıxarılmasında RİNN ciddi rol oynayıb.
Bununla belə, hazırda güzəştlərin tətbiqi istiqamətində informasiyalı mühit çox zəifdir. İndiki halda, güzəştlər paketinin necə tətbiq olunacağı, kimlərə şamil olunacağı, güzəştlərdən bəhrələnmək üçün yerli və xarici İT mütəxəsislərdən və kiçik-orta biznesdən tələb olunanlarla bağlı RİNN, KOBİA və digər aidiyyatı qurumlar tərəfindən maarifçilik işlərinin aparılmasına, bununla bağlı rəqəmsal platformanın yaradılmasına ciddi ehtiyac var”.

Osman Gündüz sonda RİNN, onun müvafiq Agentliklərinin bu istiqamətdə, dövlət-özəl tərəfdaşlığı prinsipini gözləməklə, vətəndaş cəmiyyəti və medianı da cəlb etməklə səylərini gücləndirəcəyinə ümidini də ifadə edib: 

“RİNN, KOBİA, Miqrasiya və digər maraqlı tərəflərin iştirakı ilə güzəştlərin tətbiqi və ondan bəhrələnmək istiqamətində rəsmi mesajların verilməsi məqsədilə geniş bir tədbirin keçirilməsi də faydalı olardı”. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin