Tələbələrin köçürülməsi qaydaları dəyişdirilir - YENİ ŞƏRTLƏR 

Hazırda oxunan: Tələbələrin köçürülməsi qaydaları dəyişdirilir - YENİ ŞƏRTLƏR 

114225

Bu ilin qış dönəmində tələbələrin transferi olmayacaq. Elm və Təhsil Nazirliyi bunu hazırda təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklə əlaqələndirib. Məsələ hazırda geniş şəkildə Milli Məclisdə və ictimaiyyətdə müzakirə olunur.

Ona görə də 2022-2023-cü tədris ilinin qış tətili müddətində transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək.
Qeyd edək ki, tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi, həmçinin tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2022-2023-cü tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Vüsal Kərimlinin fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, qış transferinin dayandırılması başa düşüləndir:

“Çünki, gəldiyimiz qənaət ondan ibarətdir ki, ölkəmizdəki transfer meyarları dünya standartlarına çatdırılmalıdır. Bu sahədə dünyada artıq yeni yanaşmalar var. Bizdə isə tələbə transferinə yanaşma çox köhnədir və adekvat deyil. Digər tərəfdən universitetlərdə, xüsusən də özəl universitetlərdə transferlərlə bağlı narazılıqlar var.

Doğrudur, qəbul qaydalarında müəyyən hədlər qoyulub ki, il ərzində qəbul olan tələbələrin nə qədəri transfer edilə bilər. Bununla belə, bütün özəl universitetlər büdcələrini sentyabrda formalaşdırırlar. Bu vəziyyətdə ödənişlə oxuyan tələbənin 6 aydan sonra başqa universitetə getməsi əvvəlki universiteti maliyyə baxımından pis vəziyyətdə qoyur. Bu universitetlərin yaşadığı ən böyük sıxıntıdır”.

Vüsal Kərimli indiki vəziyyətdə ortaya çıxan vacib bir məsələyə də toxundu:

“Transferlə bağlı qanunvericilikdə bəzi qaranlıq məqamlar var. Məsələn, transfer olan bəzi tələbələrin 10-12 kəsiri olur. Bu dünyanın heç bir yerində yoxdur. Transfer məsələsində tələbələrin ortalama bilik göstərici həddləri olmadığına görə obyektivlik pozulur. Ona görə də Nazirliyin bu qərarı başa düşüləndir və haqlıdır. Yəqin ki, yaza qədər tranfer qaydaları beynəlxalq tələblərə tam uyğunlaşdırılacaq və bu sahədə indiyə qədər olan nöqsanlar aradan qalxacaq. İnanmaq istərdik ki, yeni qərar bütün tərəflərin maraqlarına xidmət edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin