“Azəriqaz”dan Nazirlər Kabinetinə İRAD – “Evlərdə qaz cihazlarını yoxlaya bilmirik”

Hazırda oxunan: “Azəriqaz”dan Nazirlər Kabinetinə İRAD – “Evlərdə qaz cihazlarını yoxlaya bilmirik”

114217

Soyuqlar düşəndən hər gün dəm qazından zəhərlənmə və ya ölüm xəbərləri alırıq. Aidiyyəti qurumlar səbəb kimi istehlakçıları məsuliyyətsizlikdə, standartdankənar qaz borularından istifadədə və qazla davranış qaydalarında ehtiyatsızlığa yol verməkdə günahlandırırlar.

Amma dəm qazının necə yaranması kökünü nə araşdıran, nə də ən azından bədbəxt hadisələrin qarşısının alınması üçün tədbir görənlər var. Söhbət aidiyyəti qurumun mənzillərdə vaxtlı-vaxtında monitorinq aparması, qaz cihazlarını və tüstü bacalarını yoxlaması, təmizləməsi, eləcə də qazla davranış qaydaları barədə təlimatlandırmalarından gedir. 

Sovet dövründə dəm qazından boğulma və ya ölüm xəbərlərinə çox nadir hallarda rast gəlirdik.

Səbəb isə o idi ki, qaz təchizatçıları və nəzarətçiləri istehlakçılarla vaxtı-vaxtında təmas qurur, mənzildaxili müayinələr keçirir, yaranmış nasazlıqları aradan qaldırır, tüstü bacalarını təmizləyir və ən əsası bu sahədə istehlakçıları maarifləndirirdilər. Bir vaxtlar görülən o işlərdən indi əsər-əlamət belə yoxdur.  

Maraqlıdır, ümumiyyətlə “Azəriqaz”  İstehsalat Birliyi mənzillərdə qaz cihazlarının monitorinqini aparırmı? Dəm qazının yaranmaması üçün tüstü bacalarına baxış keçirilirmi? Bu borular vaxtı-vaxtında təmizlənirmi? Yoxsa sadalanan bu işlərin hamısı istehlakçıların səlahiyyətinə buraxılıb?

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov Bizim.Media-ya açıqlamasında bildirib ki, “Qaz təchizatı haqqında” qanuna edilmiş dəyişiklikdə mənzildaxili müayinələrin keçirilməsi qazpaylayıcının üzərinə qoyulsa da Nazirlər Kabineti tərəfindən bu, qaydalar hələki təsdiq olunmayıb:

“Həmçinin “Qazdan istifadə Qaydaları”nda da müfafiq dəyişikliklərin edilməməsi ilə əlaqədar olaraq hazırda mənzildaxili müayinələrin keçirilməsi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aparılmır. Amma hər bir mənzildə baş verən qazla bağlı ehtimal olunan hadisələrlə bağlı aidiyyəti dövlət qurumları ilə birgə həm də “Azəriqaz” istehsalat Birliyinin nümayəndələrinin də iştirakı təmin olunur”, - deyə İlkin Behbudov əlavə edib. 
Məlumat üçün bildirək ki, dəm qazı zəhərli qazdır və onun yığıldığı mühitdə insanlar 7 dəqiqədən 30 dəqiqəyə qədər müddət ərzində nəfəs alarsa, insan həyatına son qoyur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin