Qəbələ qoruğunu ziyarət edən turistlərin sayı artıb - FOTO

Hazırda oxunan: Qəbələ qoruğunu ziyarət edən turistlərin sayı artıb - FOTO

114188

Əcnəbi turistlərin sayında 4 dəfədən çox artım müşahidə olunub.

Söhbət qədim Albaniyanın tarixi mərkəzində yerləşən Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan gedir.

Ötən il Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna 3383 nəfər yerli və xarici turist səfər edib. Qoruğu ziyarət edənlərin 2528 nəfəri yerli turist, 855 nəfər isə xarici ölkə vətəndaşı olub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qoruğun direktoru Zahir Kərimov məlumat verib.

Zahir Kərimovun sözlərinə görə, pandemiya qadağalarının qismən aradan qaldırılmasından sonra ölkəyə gələn xarici, həmçinin yerli turistlərin ən çox səfər etdikləri bölgələrdən biri Qəbələ rayonudur. 2021-ci ildə Qoruğu cəmi 190 nəfər xarici ölkə vətəndaşı ziyarət etmişdisə, ötən il əcnəbi turistlərin sayında 4 dəfədən çox artım müşahidə olunub.

Direktorun sözlərinə görə, əcnəbi turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, Kanada, Türkiyə, İtaliya, Polşa, Almaniya, İspaniya, İsrail və digər ölkələrdən gələnlər üstünlük təşkil edib.
Qoruğu ziyarət edənlərə ərazidə aparılmış arxeoloji qazıntılar, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və maliyyə dəstəyi ilə Qoruq ərazisində görülən işlər, Qəbələ Arxeoloji Ekspedisiyanın Qoruğun tarixi məkanları - Antik şəhər yeri, Səlbir və Qala ərazilərində dövrü olaraq apardığı arxeoloji qazıntılar, tarixi tapıntılar, həmçinin Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin