Qarabağda çalışanlar sosial sığorta haqlarını 100 faiz geri alacaqlar

Hazırda oxunan: Qarabağda çalışanlar sosial sığorta haqlarını 100 faiz geri alacaqlar

114175

İşğaldan azad edilmiş ərazilərdə istər iqtisadi, istərsə də insan resurslarının səmərəli idarə edilməsi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin işə cəlb olunması məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib.

Bizim.Media "Vergilər" qəzetinə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə deyib.

Onun sözlərinə görə, artıq həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər.

"Dövlət başçısı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 10 dekabr tarixli 3037 nömrəli Sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı “Sosial sığorta haqqında”, "Dövlət rüsumu haqqında" və "Sosial müavinətlər haqqında" qanunlarda, Miqrasiya Məcəlləsində və Əmək Məcəlləsində dəyişikliklər edilib.
Burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması, sığortaedənlərin xərclərinin minimum səviyyəyə endirilməsi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin həmin ərazilərə cəlb olunmasıdır.

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, rüb ərzində sığortaedənin vəsaiti hesabına muzdlu işdən gəlir əldə edən sığortaolunanların xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının məbləği 10 il müddətində dövlət büdcəsindən:

2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faiz;
2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faiz;
2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faiz;
2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faiz miqdarında subsidiyalaşdırılacaq.

Muzdlu işçisi olan sahibkarlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin özlərinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur.
Həmçinin “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində qeyd edilən fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” alınarkən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 10 il müddətinə 100 faiz subsidiyalaşdırılacaq.

Ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsindən subsidiyalaşdırılması dövlət və neft-qaz, həmçinin qeyri-dövlət sektorunda maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılara şamil edilməyəcək".

N.Vahabzadə qeyd edib ki, hazırda subsidiyaların verilmə qaydaları hazırlanır:

"Subsidiya “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan hesabatın təqdimedilmə dövrü bitdiyi tarixdən, habelə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” əldə etməklə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Subsidiyanın qaytarılması üçün sahibkarlar ərizə ilə müraciət etməlidirlər. Qaydaların layihəsinə əsasən, subsidiyanın verilməsi məqsədilə sığortaedənin ərizəsində qeyd edilmiş məlumatlara əsasən işçilərin əmək müqaviləsi bildirişində faktiki iş yerinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində olmasının və həmin rüb üzrə təqdim edilmiş bəyannamə məlumatlarında işçilərin məlumatlarının əks olunub-olunmaması yoxlanılacaq. Yekunda subsidiya məbləği sığortaedənin müraciətində qeyd etdiyi bank hesablarına köçürüləcək.

Əgər sığortaedən qeyd olunan dövrü ötürərsə, növbəti rüb üçün müəyyən edilmiş müddət ərzində cari və əvvəlki rübə aid subsidiyanın verilməsi üçün müraciət edə bilər. Növbəti rübdə hesabat təqdim olunan son gündən keçən 30 gün müddətində həm cari, həm də əvvəlki dövr üzrə subsidiya üçün müraciət etmək nəzərdə tutulur".

O bildirib ki, Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə edilib:

"Həmin ərazilərdə işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir.

Həmçinin, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən hüquqi şəxs olduqda onun Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqda, əmək müqaviləsi (kontraktı) üzrə iş yeri və həmin ərazilərdə məskunlaşdıqda Vergi Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Qeyd olunan şərtlərin hamısının birgə mövcudluğu mütləqdir.

Bunlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 5 təqvim günü müddətində əlavə məzuniyyət verilməsi nəzərdə tutulur.
Qanunvericilikdə dəyişikliklər işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasına, orada vətəndaşlara layiqli yaşayış şəraitinin yaradılması istiqamətində görüləcək işlərə böyük töhfə verəcək", - qurum rəsmisi əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin