Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən Tədqiqat Mentorluq Proqramı çərçivəsində Azərbaycandakı ali təhsil müəssisələrində təhsilalanları transferə təşviq edən/məcbur edən səbəblər araşdırılıb.
Bizim.Media Təhsil İnstitutuna istinadən xəbər verir ki, araşdırma İnstitutun Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı tərəfindən aparılıb.
Tədqiqatın hədəf kütləsini 2017-2021-ci illərdə transfer prosesində iştirak etmiş tələbələr təşkil edib. Tədqiqat çərçivəsində tələbələrlə onlayn sorğular keçirilib. Sorğuda ümumilikdə 112 nəfər iştirak edib.
Araşdırma ilə bağlı hazırlanmış hesabatda əks olunmuş tədqiqat nəticələrinin xülasəsi aşağıda təqdim olunub:
– Transfer prosesinə əsasən ali təhsil müəssisələrinə daha aşağı balla qəbul olan tələbələr müraciət edir.
– Həm qadın, həm də kişi cinsindən olan tələbələrin transfer prosesində iştirak etmə səbəbləri içərisində ailə-məişət (yaşadıqları ərazi ilə təhsil aldıqları ali təhsil müəssisəsinin fərqli şəhərlərdə/rayonlarda olması, ev işləri, uşaq qayğısı və s.), karyera-iş (transfer olunmaq istədikləri universitetin təhsil aldıqları universitetlə müqayisədə onların karyeralarına və iş imkanlarına daha müsbət təsir edəcəyi, iş yerləri ilə yaşadıqları ərazi arasındakı məsafənin uzaqlığı və s.) və maliyyə məsələləri ilk sıralarda yer alır.
– Tələbələrin təxminən 40%-nin transferdən öncə təhsil aldıqları universitetlərdəki sosial fəaliyyətlərdən razı olmadığı ortaya çıxıb.
– Tələbələrin təxminən 62%-i tədris olunan fənlərin çətinliyinin başqa ali təhsil müəssisəsinə transfer olunmalarında böyük rol oynadığını qeyd edib. Bu nəticəyə əsasən tədris olunan fənlərin çətinliyinin tələbələrin başqa təhsil müəssisəsinə transfer olunmasında nəzərə çarpacaq bir rolu olduğu qeyd oluna bilər.
– Transfer üçün müraciət edən kişi və qadın tələbələrin əksəriyyətinin sosial və humanitar ixtisas qrupu üzrə təhsil aldığı görünüb.
– Tələbələrin transferdən öncəki təhsil müəssisəsində qiymətləndirmə, idarəetmə və tədris prosesində qarşılaşdıqları ədalətsizliklər tələbələrin transfer olunmasının səbəbi kimi çıxış etmir.
– Tələbələrin transferdən öncə təhsil aldıqları ali təhsil müəssisəsinin akademik heyətinin peşəkarlıq səviyyəsi və təhsilin keyfiyyətindən məmnunluq səviyyəsi ölçülüb.
– Nəticələrə əsasən tələbələrin 70%-nin akademik heyətin peşəkarlıq səviyyəsindən, 79%-nin isə təhsilin keyfiyyətindən məmnun olduqları müşahidə edilib. Bu nəticələrə əsasən keyfiyyət faktorunun transfer prosesində əsas rol oynamadığı qeyd oluna bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:44 / 10.01.2023
Ali məktəblərdə tələbələrin köçürülmə səbəbləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Ali məktəblərdə tələbələrin köçürülmə səbəbləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Ali məktəblərdə tələbələrin köçürülmə səbəbləri ilə bağlı RƏSMİ AÇIQLAMA
114023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.