2022-ci il Təhsil İnstitutu üçün vacib hadisələr ilə yadda qaldı

Hazırda oxunan: 2022-ci il Təhsil İnstitutu üçün vacib hadisələr ilə yadda qaldı

113887

2022-ci  il təhsilimizlə bağlı yeniliklər və uğurlu başlanğıclar ilə yadda qaldı. Fəaliyyətlərin həyata keçirilməsində aktiv qurumlardan biri kimi 2022-ci il Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) üçün də məsuliyyətli və maraqlı olmuşdur. Ümumilikdə  ARTİ üçün il aşağıdakı fəaliyyətlərin icrası və ya icrasında iştirak ilə yadda qaldı.

TƏDQİQATLAR

2022 ildə Məktəb Ailə İcma Birliyi (MAİB) ilə bağlı modelin hazırlanması, STEAM yanaşması ilə bağlı beynəlxalq təcrübənin tədqiq olunması, ali təhsil müəssisələrinin ömürboyu təhsil konsepsiyasının tətbiqi təcrübələrinin öyrənilməsi, ali təhsildə distant tədrisin təşkili, ümumtəhsil məktəblərində metodik xidmətin təşkili ilə bağlı beynəlxalq təcrübənin araşdırılması və tövsiyələrin hazırlanması kimi tədqiqatlar həyata keçirilmiş və konseptual modellər hazırlanmışdır.

Əlavə olaraq, erkən uşaq təhsili və inkişafı ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və ölkə üçün tövsiyələrin hazırlanması, İngilis dilinin xarici dil kimi tədrisinin (CEFR) ən müasir və effektiv kurikulumunun dünya təcrübəsi əsasında araşdırılması və təkliflərin hazırlanması, ali təhsil müəssisələri üçün tədqiqat sahəsində fəaliyyət göstəricilərinin qiymətləndirilməsi və dövri monitorinq sisteminin qurulması kimi sistem əhəmiyyətli tədqiqatlar ARTİ tərəfindən həyata keçirilmişdir.

Cari il üzrə milli və beynəlxalq qiymətləndirmə üzrə tədqiqatlara nəzər salsaq ARTİ tərəfindən PISA 2022 üzrə əsas mərhələsinin, TIMSS 2023 üzrə sınaq mərhələsinin, ICILS 2023 üzrə sınaq mərhələsinin, TALIS 2024 üzrə pilot mərhələsinin təşkili həyata keçirilmişdir.
ARTİ tərəfindən cari ildə 21 tezis, 68 məqalə, 10 kitab, 24 dərslik və metodik vəsait hazırlanmışdır.

Onlardan elmi tədqiqat işlərinin nəticələrinə dair yerli və beynəlxalq nəşrlərdə 4 tezis, 35 məqalə dərc edilmiş, 10 kitab hazırlanmış,  “Web of Science” bazasına daxil olmuş elmi nəşrlərdə isə 5 məqalə çap edilmiş.
Əlavə olaraq qeyd edək ki,  hazırda ümumtəhsil məktəblərində tətbiq olunan Azərbaycan dili, Riyaziyyat, Fizika, Təbiət, Texnologiya, Musiqi fənlərindən 24 adda (Azərbaycan və rus dillərində) dərslik və müəllim üçün metodik vəsait hazırlanmışdır. Təhsilin digər aktual problemlərinə dair isə 17 tezis, 37 jurnal və qəzet məqaləsi nəşr edilmişdir.

Əlavə olaraq “Beynəlxalq təhsil icmalı” bülleteninin hazırlanması, “OECD” – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, UNICEF, UNESCO, “Web of Science”  bazasında olan elmi tədqiqat əsaslı məqalələr, World Bank və s. digər beynəlxalq təşkilatlar tərəfindən təhsilə dair aparılmış tədqiqatlar barədə xülasə-icmallar hazırlanmışdır. 2022-ci ildə 12 Beynəlxalq icmalda 48 tədqiqatın nəticələrinə dair xülasələr yazılmışdır. Bütün icmallar Təhsil İnstitutunun web saytında yerləşdirilmişdir.

ELMİ KONFRANSLAR

ARTİ 2022-ci il ildə bir sıra yerli və beynəlxalq tədbirlərin təşkil edilməsi sahəsində də böyük təşəbbüs göstərmişdir. Belə ki, ARTİ-nin təşkilatçılığı ilə 28 aprel 2022-ci il tarixində İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş “İrəvan Müəllimlər Seminariyası” adlı elmi konfrans keçirilmişdir.

Konfransda seminariyanın yaranma tarixindən, Azərbaycan təhsilinin, mədəniyyətinin və pedaqoji fikrinin inkişafında xüsusi əhəmiyyətə malik olmasından, həmçinin Azərbaycan tarixində müstəsna rolu olan görkəmli şəxsiyyətlər yetişdirməsindən bəhs edilib.

Növbəti konfrans ARTİ-nin təşkilatçılığı ilə 23-34 noyabr 2022-ci il tarixində keçirilən Doktorant və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransı (NASCO) olmuşdur. Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, eləcə də onların elmi yaradıcılığını stimullaşdırmaqdan ibarət olmuşdur.

Konfransda gənclərin elm sahələrinə cəlb edilməsi və bu yolda qarşıya çıxan problemlərin həlli yollarında birgə dəstəyin göstərilməsinin vacibliyindən, eyni zamanda ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sahəsində gənc alimlərin inkişafı üçün şərait yaradılmasının üstünlüyündən danışılmışdır.
İki günlük konfrans çərçivəsində keçirilən bölmə iclasları, ümumilikdə 8 bölmə üzrə davam etmişdir. Keçirilən bölmə iclaslarına 213 doktorant və gənc tədqiqatçıdan 200 nəfəri qatılmış, onlardan da 185 nəfəri əyani, 15 nəfəri isə onlayn formada müzakirələrdə iştirak etmişdir.

MƏKTƏBLƏRİN İNKİŞAF PLANI

Şagirdlərin lazımi bilik və bacarığa yiyələnmələri üçün məsələyə institusional yanaşılmalı və müəllimlərin inkişafına diqqət ayrılmalıdır. Bu məqsədlə atılan addımlardan biri də ölkədə müəllimlərə metodiki dəstək mexanizminin təkmilləşdirilməsidir.

Cari ildə Məktəblərin İnkişaf Planının (MİP) hazırlanıb həyata keçirilməsi prosesinə start verilməsi məktəb əsaslı metodiki xidmət vasitəsilə təhsilin dayanıqlı inkişafını hədəfləyir. MİP məktəbin təkmilləşməyə ehtiyacı olan istiqamətlərini, bu istiqamətlərin inkişafı üçün atılacaq addımları özündə əks etdirən stratejik planlamadır.

2021-ci ildən etibarən TKTA-nın orta təhsil müəssisələrində təhsilin keyfiyyətini ölçmək məqsədilə keçirdiyi inspeksiyaların hesabatlarına əsasən, ARTİ və BŞTİ metodiki bacarıqlar və öyrədici mühitin qurulmasında aşağı nəticə göstərən məktəblərdə təhsilin keyfiyyətinin artırılması məqsədilə həmin MİP-lərin hazırlanması və bu məktəblərə lazımi metodik dəstəyin göstərilməsi istiqamətində addımlar atmışdır.

MİP-lərin hazırlanması və həyata keçirilməsi məqsədilə ARTİ-nin öhdəliyinə 18, 35, 38, 51, 75, 154, 173, 178, 227 və 301 nömrəli məktəblər olmaqla ümumilikdə 10 məktəb verilmişdir.
“SABAH” MAGİSTRATURA

Cari ildə “Sabah magistratura” layihəsi çərçivəsində  Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti ATM-də kompüter laboratoriyalarının qurulması üçün avadanlıqların təchizi, ikinci semestrdə tədrisi aparacaq müəllimlərin seçimi və tədrisinin təşkili, 2 metodiki vəsait və 3 dərs vəsaiti üzərində işin aparılması və  18 dərsdənkənar tədbirin təşkili icra olunmuşdur.

Qeyd edək ki, seçilmiş müəllimlərin həm pedaqoji bacarıqlarını, həm də ixtisas üzrə biliklərini artırmaq üçün logistika, təhcizat zənciri üzrə  proqramlara əsaslanan təlimlər keçirilmişdir. Dərsdənkənar tədbirlər sırasına Bakı Beynəlxalq Dəniz Limanı, Elektron hökumət, Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsi, Azərbaycan Dəmir Yolları, STEAM mərkəzlərinə təlim səfərləri, həmçinin İsrailin Holon Texnologiya İnstitutuna təlim səfəri təşkil olunmuşdur.

DOKTORANTURA

Cari ildə ARTİ-nin  fəlsəfə və elmlər doktoru proqramı üzrə 54 nəfər doktorant və dissertant təhsilini davam etdirmişdir. 2022-ci ildə sənəd qəbulunda ümumilikdə 45 nəfər iştirak etmiş, onlardan 18 nəfəri  İnstitutun doktorantura və dissertanturasına qəbul olmuşdur.

Bununla yanaşı ARTİ ilk yarımildə  doktorantura və dissertanturaya sənəd qəbulunda iştirak edən iddiaçılar üçün  iki müxtəlif  açıq qapı günü təşkil etmiş və böyük maraqla qarşılanmışdır. Qeyd edək ki, Təhsil İnstitutu ölkənin ali təhsil müəssisələri, AMEA-nın institutları, təhsil mərkəzləri və qurumları ilə yaxın əməkdaşlıq edir, yerli və xarici (dövlət və özəl olmaqla) təhsil sisteminin idarəetmə strukturlarının doktorantura şöbələri ilə əməkdaşlıq qurur, müvafiq sahə üzrə maarifləndirmə mexanizmi hazırlayır.

Universitetlərarası və qurumlararası ikitərəfli razılaşmalar, anlaşma memorandumları, əməkdaşlıq protokolları və digər bu kimi hüquqi vasitələr çərçivəsində həyata keçirilir. 
BEYNƏLXALQ LAYİHƏLƏR

ARTİ-nin beynəlxalq qurumlarla əməkdaşlıqda həyata keçirdiyi layihələr aparılmış müxtəlif tədqiqatlar vasitəsilə aşkarlanmış ehtiyaclar əsasında müəyyənləşir. Bu layihələr əsasən 2 istiqamət üzrə qruplaşdırılır: sabit dövrü əhatə edən və böhran vəziyyətləri və onların yaratdığı təsirlərin aradan qaldırılmasına yönəlmiş layihələr. 

Eyni zamanda, təhsil sahəsində milli və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə beynəlxalq təşkilatların dəstəyi ilə layihələr icra olunur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş strategiyalar, strateji yol xəritələri, konsepsiyalar, dövlət proqramları, fəaliyyət planları və proqramlarının, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin beynəlxalq qurumlarla imzaladığı təhsil proqramlarının icrası məqsədilə UNICEF, UNESCO və digər beynəlxalq təşkilatların dəstəyilə müxtəlif istiqamətlərdə layihələr həyata keçirilir.

KURİKULUM

2022-ci ildə riyaziyyat I-XI, fizika VII-XI, kimya VII-XI, biologiya VII-XI, təbiət V-VI, həyat bilgisi I-IV, Azərbaycan dili I-XI, ədəbiyyat V-XI, ingilis dili I-XI, coğrafya VI-XI fənləri üzrə ümumilikdə 10 fənn kurikulumunun təkmilləşdirilməsi davam etdirilmişdir.

ARTİ fizika, kimya, biologiya, təbiət və həyat bilgisi kurikulumlarının təkmilləşdirilməsində Sinqapurun Alston, riyaziyyat kurikulumunun təkmilləşdirilməsində isə Marşel Kavendiş təhsil şirkətləri ilə ingilis dili kurikulumunun təkmilləşdirilməsində Kaliforniya Universitetinin professoru ilə, coğrafiya kurikulumunun təkmilləşdirilməsində isə Gazi universtetinin professoru ilə əməkdaşlıq etmişdir. Təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılmış, beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri diqqətə alınmışdır.

SERTİFİKATLAŞMA

2022-ci ildən müəllimlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə  sertifikatlaşma prosesinə başlanılmışdır. Sertifikatlaşma dövrü ərzində ARTİ tərəfindən müəllimlərə dəstək məqsədi ilə sertifikatlaşma imtahanlarının çərçivə sənədinin izahı, nümunə sualların həlli və müsahibə mərhələsi ilə bağlı 100-dən artıq görüş, vebinar və canlı seminarlar keçirilmişdir.

Bakı şəhərində və bölgələrdə 6 mindən artıq ibtidai sinif müəllimi ilə görüşlər təşkil olunmuşdur. Bu tədbirlər müəllimlərin imtahandan qabaq psixoloji gərginliklərini aradan qaldırmış və nəticədə müəllimlərin böyük hissəsi sertifikatlaşma prosesini uğurla keçmişdir.
İlk dəfə cari ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırma prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunmuşdur.

Test mərhələsində ümumilikdə 11 665 nəfər dəvət edilmiş, 11 211 nəfər iştirak etmiş və onlardan 8 843 nəfər keçid balını toplamışdır. İmtahanlarda qoşulma sayı maksimuma – 3000 nəfərə çatdırılmışdır.

Müsahibə mərhələsində 8 784 nəfər təhsilverən iştirak etmiş və onlardan 8 751 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunmuşdur.

Nəticə etibarı ilə sertifikatlaşdırmadan keçmiş 3127 təhsilverənin vəzifə maaşına 35 faiz əlavə, 5624 təhsilverən isə 10 faiz əlavə edilmişdir. Sertifikatlaşmanın növbəti mərhələsinə hazırlaşan və 2022-ci ildə sertifikatlaşmada uğur qazana bilməyən müəllimlər üçün dəstək tədbirləri növbəti il də davam edəcəkdir. 

MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Elm və Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. 2022-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 60 002 namizəd müraciət etmişdir.

Onlardan 54 804 namizəd müsabiqədə iştirak hüququ qazanmışdır. 7 gün ərzində 15 mərkəzdə təşkil olunan imtahanlarda 44 363 namizəd iştirak etmişdir. İmtahanlarda ilk dəfə qoşulma sayı maksimuma – 5 000 nəfərə çatdırılmışdır.

Müsabiqə üzrə 13280 vakant yer elan edilmiş, 3902 namizəd müddətsiz əsaslarla, 3086 namizəd müddətli əsaslarla işə qəbul olunmuşdur. Əlavə yerləşdirmə zamanı isə 1859 namizəd müddətli əsaslarla vakant yerlərə təyin olunmuşdur. Qeyd edək ki, 2022-2023-cü tədris ili ərzində əlavə yerləşdirmə həyata keçiriləcəkdir.

TƏHSİL RESURSLARI MƏRKƏZİ

Cari ildə ARTİ nəzdində Təhsil Resursları Mərkəzi (TRM) yaranmışdır. Mərkəz yeni tədris resursları və onların elektron versiyalarının, təhsil prosesində müəllim və şagirdlər üçün əlavə resurslarının hazırlanması üzrə fəaliyyətə başlamışdır.
Mərkəzdə  “Ehtiyat dərslik” layihəsi üzrə işlər davam etmişdir. 2022-ci ildə ARTİ-nin təşkilatçılığı ilə 6 adda sadalanan  “Həyat bilgisi 1”, “Azərbaycan dili (dövlət dili) 4”, “Happy Campers 4”, “Azərbaycan dili (tədris dili) 5”, “Riyaziyyat 5”, “Təbiət 6” yeni ehtiyat dərslik komplekti hazırlanmış,  “Azərbaycan dili (tədris dili) 3”, “Azərbaycan dili (dövlət dili) 3” “Riyaziyyat 3”, “Математика 3”, "Happy Campers 3", “Təbiət 5”, “Azərbaycan dili (tədris dili) 4”, “Riyaziyyat 4” kimi 8 adda ehtiyat dərslik komplekti isə təkmilləşdirilmişdir.

OLİMPİADALAR

2022-2023-cü tədris ilində Respublika fənn olimpiadalarında dəyişiklik baş vermişdir. Cari ildə IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakı təmin edilmişdir.

Respublikada keçirilən fənn olimpiadaları ilə yanaşı ölkəmizi təmsil edən məktəblilərimiz yüksək nəticə göstərərək, müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda 2 qızıl, 18 gümüş, 44 bürünc olmaqla, ümumilikdə 64 medal qazanmışdır.

Bu il əldə edilən uğurlardan ən yadda qalanı isə  məzunlarımızın dünyanın qabaqcıl universitetlərindən ABŞ-ın MIT (Massachusetts Institute of Technology) Birləşmiş Krallığın UCL ( University College of London) və 14 nəfərin Cənubi Koreyanın KAIST (Korea Advanced Institute of Science & Technology (KAIST) universitetlərinə daxil olmalarıdır.

BEYNƏLXALQ QİYMƏTLƏNDİRMƏ DÜŞƏRGƏLƏRİ

Müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etmək məqsədilə 123 müəllimin iştirakı ilə beynəlxalq qiymətləndirmə düşərgələri keçirilmişdir.

ARTİ və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birlikdə təşkilatçılığı ilə 27-29 iyun tarixlərində Şəki rayonunda ilk Beynəlxalq Qiymətləndirmə Düşərgəsi təşkil olunmuşdur. Daha sonra Lənkəran-Astara Regional Təhsil İdarəsinin birlikdə təşkilatçılığı ilə 28-30 iyul tarixində Lənkəran rayonunda, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 24-26 avqust tarixlərində isə Quba rayonunda Beynəlxalq Qiymətləndirmə Düşərgəsi keçirilmişdir.

Müəllimlər müxtəlif araşdırma və müzakirələrə cəlb olunmaqla PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olmuşdur.

Eyni zamanda, düşərgə iştirakçıları müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə etmişlər.
İNNOVATİV TƏLİMLƏR

2022-ci ildə ARTİ tərəfindən “Süni intellekt və data elmi (SİDE)” layihəsi həyata keçirilmişdir. Qeyd edək ki, layihə 4 may 2022-ci il tarixindən etibarən 40 nəfər iştirakçı ilə start götürmüş və 35 nəfər məzundan 12-si 3 aylıq intensiv təlim proqramını fərqlənmə ilə bitirmişdir. Sözügedən layihə ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədi daşıyır. 

2022-ci ildə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ tərəfindən tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, elmi işlərin yazılması, tədqiqat metodları, data analizi və innovasiyalar ilə bağlı 5 elektron kurs istifadəyə verilmişdir. İl ərzində təlimlərdə iştirak etmək üçün 1298 nəfər qeydiyyatdan keçmişdir. 

MƏKTƏBƏQƏDƏR TƏHSİL

Məktəbəqədər təhsil üzrə görülən işlərdən danışsaq bu təhsil pilləsi üzrə kurikulumun yeniləşdirilməsi və kurikulumun tətbiqi ilə əlaqədar metodik tövsiyənin hazırlanması həyata keçirilmiş, məktəbəqədər təhsilin yeniləşməsi ilə əlaqədar məktəbəqədər müəssisələrində dəyirmi masalar təşkil olunmuş, erkən dövr üçün 2 ədəd  metodik vəsait hazırlanmışdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin