Qara görə imtahana gedə bilməyən tələbələrə güzəşt ediləcək? - SORĞU

Hazırda oxunan: Qara görə imtahana gedə bilməyən tələbələrə güzəşt ediləcək? - SORĞU

113776

Ali və orta ixtisas təhsili müəssisələrində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. 9 dekabr 2022-ci il tarixindən başlayan imtahanlar 5 həftə müddətində davam edəcək. Lakin yanvarın 8-i axşam saatlarından başlayaraq ölkə ərazisində qar yağır. Hava şəraitinə görə yollar buz bağlaması və nəqliyyatda olan ləngimələrə görə tələbələr imtahanlara gecikir və ya iştirak edə bilmir.

Bəs universitetlər imtahana gələ bilməyən və ya gecikən tələbələrə imtahanda yenidən iştirak etmək üçün şərait yaradacaq?

Bizim.Media xəbər verir ki, Trend bu gün sözügedən məsələ ilə bağlı Azərbaycan universitetlərinə sorğu ünvanlayıb.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Trend-in sualını cavablayarkən qeyd edib ki, bu gün hava şəraiti ilə bağlı imtahana gecikənlərə 1 saata qədər icazə verildi ki, gəlib iştirak etsinlər.

"Gecikən tələbələr imtahanlara buraxıldı. Lakin gələ bilməyən tələbələrimiz də oldu. Onlar üçün sessiya müddətində yenidən imtahan təşkil olunacaq ", - deyə o bildirib.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, gecikənlər imtahana buraxılır.

"Hava şəraiti ilə əlaqədar və ya hər hansı üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyənlər üçün həmin fənndən yenidən imtahan vermələri üçün şərait yaradılacaq", - deyə o əlavə edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nicat Abdullayev qeyd edib ki, hava şəraiit ilə əlaqədar gecikən tələbələr imtahana buraxılıb.

"Daha öncə imtahana 30 dəqiqədən artıq gecikən tələbələr imtahan buraxılmırdı. Lakin indi hava şəraiti nəzərə alınaraq zamanında aslı olmayaraq imtahana buraxılırlar. Ümumiyyətlə gələ bilməyən tələbələr üçün isə yenidən şərait yaradılacaq", - deyə o bildirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən qeyd edilib ki, (ADPU) hazırda ölkə ərazisində və paytaxt Bakı şəhərində müşahidə olunan qarlı hava şəraiti ilə bağlı imtahanların təşkilində hər hansı problem yoxdur.
"Bununla belə, Pedaqoji Universitet rəhbərliyi bildirir ki, kəskin hava şəraiti ilə bağlı yarana biləcək problemləri nəzərə alaraq, imtahanlarda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr üzürlü hesab olunacaq və onlara əlavə vaxt təyin edilərək iştirak edə bilmədikləri və ya gecikdikləri imtahanlara yenidən qatılma imkanı yaradılacaq", - deyə əlavə edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin