“Azərbaycanın Milli Qəhrəmanı” general Polad Həşimovun doğum günü münasibəti ilə doğulduğu Qəbələnin Vəndam qəsəbəsində anım mərasimi keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, anım mərasimində Qəbələ rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının rəhbərləri, şəhid ailə üzvləri və qazilər, generalın döyüş yoldaşları, ailə üzvləri ilə yanaşı rayon və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Tədbirdə Vəndam qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəsi İlham Bağırov, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Rəşad Əhmədov və digərləri çıxış edərək qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində ordumuzun qələbəsindən danışıblar.
Həmçinin tədbirdə ailə üzvü Babək Səmədov çıxış edərək ölkə rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Sonda general Polad Həşimovun, eləcə də Vətən uğrunda şəhidlik zirvəsinə ucalan bütün şəhidlərin xatirəsinə dualar oxunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu