Peşəkar idmançı oyma sənəti ilə məşğuldur - FOTO

Hazırda oxunan: Peşəkar idmançı oyma sənəti ilə məşğuldur - FOTO

112679

Bu ailə Stalin repressiyasının qurbanlarından sayılır. Uzun illər sürgünlük həyatı yaşasalar da özlərində təpər taparaq ayağa durmağı bacarıblar. Söhbət Zaqatalada yaşayan, peşəkar idmançı hazırda isə qədim oyma sənətini yaşadan Əsgər Məmmədovdan gedir.

Bizim.Media-nın yerli bürosu ilə söhbətində Əsgər Məmmədov bildirib ki, atası Rəsul kişi 1937-ci ildə Stalinin əmri ilə Naxçıvanın Ordubad rayonundan Qazaxıstanın Taldı-Kurqan viləyətinə sürgün edilib.

Nə az, nə çox 25 ilə yaxın sürgün həyatı yaşayan Məmmədovlar 1961-ci ildə bəraət qazanıb. Sürgünlük həyatı başa çatdıqdan sonra bu ailə Qazaxıstandan Zaqatalaya köç edib, burada özlərinə yurd salıb.
Tamam fərqli bir həyat yaşamağa başlayıblar. Əsgər Məmmədov Zaqatalada orta məktəbdə oxuduğu illərdə idmanın badminton və həndbol oyunları ilə məşğul olub. Bu oyunlar üzrə ötən əsrin 60-ci illərin sonu 70-ci illərin əvvələrində Respublika birinciliklərində iştirak edib, qalib kimi mükafatlara layiq görülüb.

Əməkdar idman ustası adına layiq görülən günümüzün qəhrəmanı boş vaxtlarını səmərəli keçirib. Əlinə düşən müxtəlif ağaclar və taxta hissələrindən bəzək əşyaları düzəldib. Sonralar Əsgər müəllimdə oyma sənətinə maraq yaranıb.

Əvvəlcə mənzilnin bir hissəsini özünə emalatxana düzəldib. Daha sonra işini genişləndirib, yaşadığı evin həyətyanı sahəsindəki emalatxanasında fəaliyyət göstərməyə başlayıb.

İndi onun əl işləri Zaqatalanın və ölkənin bir çox sərgilərində nümayiş etdirilir. Düzəltdiyi əl işlərini qohum-əqrabaya, dost-tanışa hədiyyə etməyi xoşlayan oyma ustası bu sahəyə heç də gəlir mənbəyi kimi baxmır.

Hazırladığı əl işlərinin əksəriyyətinin eskizini yuxuda gördüyünü deyən sənət ustası fikirlərini belə izah edir.

"Bu işlə məşğul olmaq üçün gərək insanda səbr olsun. Oyma sənətində göyrüş, yalan qoz, şabalıd, palıd, tut, armud ağaclarının kökündən istifadə edirəm. Yonulmağına görə, ən rahat ağac armud, ən çətini isə qoz, şabalıd və göyrüşdür.

Heç vaxt heç kimin üslubundan istifadə etməmişəm. Hazırladığım əl işlərinin eskizlərini yuxuda görürəm və daha sonra öz işimdə həmin eskizləri tətbiq edirəm. Lazım olan xam malı meşədən və sel gələndə özü ilə gətirdiyi ağac köklərindən əldə edirəm", deyə o, qeyd edib.
Peşə fəaliyyətindəki uğurlara görə əməkdar idman ustası adına layiq görülən müsahibimiz gənclərin bu qədim sənətə maraq göstərmədiyindən gileylənir.

Deyir ki, əl səliqəsi olan gənclər bu sahənin incəliyini bilərsə, onun gələcək maddi təminatı da olacaq. Çünki dünyada və ölkəmizdə yerli və xarici turistlər oymaya dair əl işlərinə maraq göstərir, evində belə işərin olmasını arzulayanlar az deyil.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin