“Bura mənim evimdir" Azərbaycan, xüsusən Quba mənim doğma vətənimdir. Mən ukraynalı olsam da özümü azərbaycanlı sayıram. Bu gün Dünya Azərbaycanlıları Həmrəyliyi günü münasibətilə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları ürəkdən təbrik edirəm".
Bu sözləri Qubanın Birinci Nügədi kəndində yaşayan, Birinci Qarabağ şəhidi Pərviz Şirinbəyovun anası 72 yaşlı Qalina Şirinbəyova Bizim.Media-ya özəl müsahibəsində deyib.
1969-cu ildən Qubada yaşayan ukraynalı xanım Azərbaycana bağlılığından böyük həvəslə danışır. Deyir ki, bir dəfə tədbirlərin birində BMT-dən gələn bir nümayəndə məndən soruşdu ki, niyə Qarabağda müharibə başlayanda uşaqlarını da götürüb Ukraynaya qaçmadın?
“Suala acığım tutmuşdu. Dedim, niyə qaçmalıyam? Azərbaycan mənim evimdir, eşiyimdir, ölkəmin çətin günündə mən heç vətənimi qoyub qaça bilərəm? O adam cavabımdan razı qaldı və durub məni qucaqladı".
Ölkəmiz üçün ağır günlərdə Qalina xanımın ailəsi nəinki ölkədən qaçdı, hətta oğullarından biri - Pərviz Birinci Qarabağ müharibəsi başlayanda könüllü gedənlərdən biri olub və 1993-cü il dekabr ayının 27-də Şiştəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Diğər oğulları Tahir, Ruslan, Kənan və Yalçın da döyüşlərdə iştirak edib.
Qubada, yaşadığı Birinci Nügədi kəndində hamının "Qalya xala" çağırdığı şəhid anası rayonun ictimai-sosial həyatında fəal iştirak edir. Qalina Şirinbəyova Quba Şəhid Ailələrinin Müdafiəsi və "Dəmir yumruq ALFA” cəmiyyətlərinin sədridir. Quba İH -də fəaliyyət göstərən İctimai Şuranın da üzvü kimi də ictimai işlərlə yaxından məşğuldur.
14 nəvə,14 nəticəsi olduğunu söyləyən şəhid anası Qalina xanım mərhum həyat yoldaşı ilə Ukraynada necə tanış olmasından da söz açıb:
"19 yaşım hələ tamam olmamışdı. Jitomir şəhərində yaşayırdıq .Mən texnikuma imtahan verməkdən gəlirdim. Əkrəm məni vağzalda gördü və ilk baxışdan bəyəndik bir birimizi. 19 yaşım tamam olanda Ukraynada rəsmi nikaha daxil olduq. Qalina Afanasyevna İskorostensko dönüb oldu Qalina Şirinbəyova. Əkrəm əsgər idi onda Ukraynada. 1969-cu il iyul ayının 2-də Azərbaycana gəldik və rəhmətlik qaynanam Şükufə iyulun 12-də bizə Qubada toy elədi. O qədər xoşbəxt günlərim olub ki, bunların üst bəzəyi Azərbaycandır, onun insanları və xalqımızın mədəniyyəti və istiqanlığıdır".
Ötən gün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə şəhid anası Qalina Şirinbəyovaya yaşadığı Birinci Nügədi kəndində tikilən yeni mənzilin açılışı olub. Şəhid anası deyir ki, 2000-ci ildə baş verən zəlzələdən sonra evimiz qəzalı vəziyyətə düşmüşdü:
“Qəzalı evdə neçə illərdir çətin şəraitdə yaşayırdıq. Ziyəddin müəllim işə qarışandan sonra ailəmizin yarımçıq qalmış mənzil məsələsinin həlli sürətləndi və bizə evi tikib verdilər. Çox təşəkkür edirəm Prezidentimizə və icra başçımız Ziyəddin müəllimə. Deməyə söz tapmıram, Azərbaycanın vacib olan qalibiyyətidir, belə bir ölkədə yaşamaq da , çalışmaq da fəxrdir.
Ümidvaram ki, tezliklə Ukraynada da sülh bərqərar olacaq, anaların üzü sevincdən güləcək, orada da qələbəni sizli-bizli qeyd edəcəyik. Bu gün isə bütün azərbaycanlılara səsələnirəm:
Dünya Azərbaycanlılarının Həmrəylik Günü mübarək olsun. Qoy, 2023-cü ilə bütün dünyaya, Azərvaycan və Ukrayna xalqlarına da əminəmanlıq, rifah, qələbə gətirsin!”.
Qalina Şirinbəyovaya dövlətin verdiyi yeni evinin qarşısından Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, Ukraynanın da bayrağı asılıb. Bu həm də xalqlarımızın sarsılmaz dostluğunun, həmrəyliyinin göstəricisidir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.