"Bu gün manatın devalvasiyası xəbərini oxuduqdan sonra idmana getdim. Bir qrup gənc deyib gülürdü. Onlardan biri mənə yaxınlaşıb soruşdu ki, "Aslan müəllim, bu işlərin sonu nə olacaq?"
Ona bu rəvayəti söylədim: "Makedoniyalı İsgəndər zəbt etdiyi torpaqlarda yaşayanları vergi ödəməyə məcbur edirmiş. Bir dəfə vergi yığanlar qayıtdıqda onlardan əhalinin vergini necə ödədiyini soruşur. Cavab verirlər ki, pis yaşasalar da vergini sakitcə ödədilər. Əmr verir ki, gedin yenidən vergi yığın. İşçilər qayıtdıqda yenə soruşur ki, bu dəfə necə qarşıladılar. Cavab verirlər ki, vergi ödəyə bilmədiklərindən şikayətlənib ağlayırdılar. İşçiləri yenidən vergi dalınca göndərir. Onlar qayıtdıqda yenə soruşur ki, bu dəfə necə qarşıladılar. Deyirlər ki, heç nə demədilər, sadəcə hamısı gülüb oynayırdı. Dərhal tapşırır ki, daha ora getməyin, əgər şikayət etməyib, sadəcə gülürlərsə, deməli vəziyyətləri həddindən artıq pisdir".
İndi həqiqətən vəziyyət çox pisdir. Bu gün sosial şəbəkələrdə də lağ lağı baş alıb gedir. İnsanların əksəriyyəti isə şokdadır. Ona görə bu gün bir halı diqqətdə saxlamaq lazımdır. Təbii fəlakət olanda ən əsası panikanın qarşısını almaqdır. Bu günkü addım təbii fəlakətə bərabərdir. Əgər keçən devalvasiyada insanlar narazılıq edirdilərsə, indi gülürlər. Bu gün can verən hakimiyyətin, müxalifətin, vətəndaş cəmiyyətinin ölümdən bir xilas yolu var, panikadan qaçmaq, sakit, tək hakimiyyətin yox, ağılı başında olanların köməyi ilə faciədən çıxış yollarını axtarmaq. Birinci növbədə hakimiyyət anlamalıdır ki, düşdükləri bu durum ancaq öz günahları və vətəndaşları ilə hesablaşmamasının nəticəsidir. Bu gün də vətəndaşına saymazyana yanaşan hakimiyyətin sonu faciədir!"
Aslan İsmayılov, tanınmış hüquqşunas





































































































