1989-cu ilin 31 dekabrında Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədini keçərək Cənub Azərbaycandakı soydaşlarımıza qovuşublar. Bu hadisə Azərbaycan tarixinə ümumxalq həmrəyliyi aksiyası kimi düşdü. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.
Bəs, 31 dekabrda daha hansı hadisələr baş verib?
1. 1609-cu il 31 dekabr tarixində İstanbulda Sultan Əhməd məscidinin təməli atıldı. Memar Sədəfkar Məmməd Ağa tərəfindən aparılan inşaat 8 ildə tamamlandı.
2. 1774-cü ilin 31 dekabrında Çar Rusiyasında “kəndli üsyanı” başlayıb. Üsyana Yemelyan Puqaçov rəhbərlik edib.
3. 31 dekabr 1879-cu ildə amerikalı ixtiraçı Tomas Edison (Thomas Edison) elektrik lampasını ilk dəfə xalqa tanıtdı və Pennsilvaniya şəhərinin küçələri elektrikli lampalarla işıqlandırıldı.
4. 1812-ci ilin 31 dekabrında Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirən rus qoşunları Talış (Lənkəran) xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçirib.
Talış xanlığının süqutu ilə müharibə faktiki başa çatdı. Gülüstan sülh müqaviləsi (12 oktyabr 1813) ilə Şimali Azərbaycan xanlıqları (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) Rusiyaya birləşdirildi.
5. 1981-ci ilin 31 dekabrında TRT ilk rəngli televiziya verilişini Yeni İl gecəsi üçün hazırlanan xüsusi əyləncə proqramıyla reallaşdırdı.
6. 31 dekabr 1946-cı ildə Böyük Britaniyanın və Fransanın işğalçı qoşunları Livandan çıxarılıb.
7. 1968-cı ilin məhz bu günündə səsdən sürətli Tu-144 sərnişin təyyarəsi ilk uçuşunu həyata keçirib.
8. 31 dekabr 1989-cu ildə İstanbulda dünya azərbaycanlılarının ilk konqresi işə başlayıb.Bu, azərbaycanlı diasporunun təşəkkül tapması istiqamətində əlamətdər hadisə idi.
9. 1991-ci ilin bu günü Danimarka Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il aprelin 2-də qurulub.
10. 31 dekabr 1991-cı ildə İspaniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Diplomatik əlaqələr 1992-ci il fevralın 11-də yaradılıb.
11. 31 dekabr 1994-cü ildə Birinci Çeçen müharibəsi başlayıb.
12. Avstriya, Finlandiya və İsveç 1994-cü ilin 31 dekabrında Avropa İttifaqının üzvləri oldular. Beləcə, ittifaqın üzvlərinin sayı 15-ə yüksəldi.
13. 1999-cu il 31 dekabr tarixində Rusiya prezidenti Boris Yeltsin ani bir qərarla vəzifəsindən ayrıldı. B.Yeltsin bütün səlahiyyətlərini ölkənin o zamankı baş naziri Vladimir Putinə təhvil verdi.
31 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1. Dünya şöhrətli Azərbaycan alimi Yusif Məmmədəliyev 1905-ci ilin bu günü Ordubadda anadan olub. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqdan sonra Neft İnstitutuna rəhbərlik edib. Akademiyanın ilk 15 həqiqi üzvündən biri seçilən Yusif Məmmədəliyev 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub. Əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsinə aiddir. Müharibə illərində onun kəşf etdiyi yüksək oktanlı benzin təyyarələrdə istifadə üçün son dərəcə qiymətli yanacaq olub. O 1961-ci ildə 56 yaşında dünyasını dəyişib.
2. 1914 - Sovet İttifaqı Qəhrəmanı Bahyəddin Şahvələd oğlu Mirzəyev İsmayıllı rayonunun Sulut kəndində anadan olub.
3. 31 dekabr 1927 –ci ildə Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı olmuş Xuraman Abbasova Ağdam rayonunun İsmayilbəyli kəndində anadan olub.
4. 1946-cı ilin bu günündə Xalq artisti Yalçın Rzazadə dünyaya göz açıb.
5. Azərbaycanın tanınmış teleteatr rejissoru Rauf Kazımovski 1928-ci ilin 31 dekabrında dünyaya gəlib. 1960-cı illərdə Azərbaycanda televiziya teatrı məktəbini yaradıb. 100-lərlə tamaşaya televiziya ekraınında həyat verən Rauf Kazımovski həm də ölkədə bədii televiziya filmlərinin yaradıcısıdır. Qəribədir ki, o 31 dekabrda da dünyasını dəyişib.
6. Dünya dramaturgiyası tarixində çox az müəllif var ki, onun hər bir əsərinin tamaşası əsl hadisəyə çevrilsin. Belə dramaturqlardan biri Cəfər Cabbarlıdır. 1899-cu ilin baharında dünyaya göz açan Cəfər Cabbarlı ədəbi yaradıcılığa erkən başlayıb: ilk şeiri 16 yaşında ikən dərc edilib. C.Cabbarlı 31 dekabr 1934-cü ildə vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 31.12.2022
BİZİM TƏQVİM: Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Hazırda oxunan: BİZİM TƏQVİM: Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Hazırda oxunan: BİZİM TƏQVİM: Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
112490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.