Azərbaycanda satışda olan qida məhsullarının son yararlılıq müddəti ilə bağlı ciddi problem var. İstəniləm dəbdəbəli iri marketlərdə belə yararsız, xara olmuş məhsullara rast gəlinir. Qidanın üzərindəki məlumatlarla tanış olarkən məlum olur ki, istehsal müddəti bitən və ya bilərəkdən uzadılan məhsullar o vəziyyətdə də satışa buraxılır. İstehlakçıların çoxu iri marketlərdə aldıqları qidanın yararlılıq müddəti ilə bağlı problem olmaz deyə düşündükləri üçün çox vaxt məhsulun üzərindəki yazılanlara nəzarət etmirlər. Amma vaxtı keçmiş məhsulların çoxuna elə iri marketlərdə rast gəlinir.
Buna “n” sayda nümunə gətirmək olar. Son vaxtlar mətbuatda və sosial şəbəkələrdə yararsız, xarab, qurd basmış məhsulların satışda olması ilə bağlı kifayət qədər iyrənc və biabırçı görüntülər ictimailəşib.
Mövcud qanunvericiliyə görə hər hansı bir marketdə hətta bir dənə belə vaxtıkeçmiş qida məhsulu tapılarsa, həmin marketi minimum 1500 manat cərimə gözləyir. Amma qida təhlükəsizliyinə nəzarət edən yeganə qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu işdə rolunu görmürük.
Yalnız mediada ictimailəşən məsələlər araşdırılır və guya yerində yoluna qoyulur. Nə cəzalananı, nə yararsız məhsulların mağazalardan yığışdırılmasını, nə də qanunvericiliyi bir neçə dəfə pozan müəssisələrin bağlandığını görürük. Ümumiyyətlə AQTA-nın qida ilə bağlı satış mərkəzlərində mütəmadi və ya kvartal olaraq monitorinq aparıb-aparmalarından da xəbərsizik. Bu monitorinqin mexanizmi və xəritəsi belə ictimaiyyətə bəlli deyil.
Nəticə etibarilə ilə isə cəmiyyət olaraq zəhərlənirik!
AQTA-da İctimai Şuranın üzvü Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, AQTA-nın planlı və olansız yoxlamaları olur:
“Planlı yoxlamalar neçə aydan bir keçirilir, ondan xəbərim yoxdur. Sadəcə konkret şikayətlər olanda, yoxlamalara gedirlər. Bütün hallarda bürokratik bir yoxlama üsulu var. AQTA müraciət etməlidir Ədliyyə Nazirliyinə, nazirlik isə qarşı tərəfə yoxlama və səbəbi barədə məlumat verir. Bu proses isə bir həftə çəkir. Yəni belə defektsiz yoxlamada təbii ki, yararsız və əcaib məhsullar satışda olacaq.
Ona görə əcaib deyirəm ki, illərdir Azərbaycan İstehlakçılar Birliyinə çörəyin içindən bolt, dəmir parşası, şüşə, tük, kağız, peraşkinin içindən insan dişinin çıxması kimi şikayətlər daxil olub. Bəzilərinin hələ nümunələri də saxlanılır. AQTA malların təhlükəsizliyinə nəzarət edir. Onların nizamnaməsində malların küyfiyyətinə nəzarət yoxdur. Təhlükəsiz mal da o deməkdir ki, sən yediyin qidadan ölməyəcəksən. Keyfiyyət məsələsi isə qalıb kənarda, heç kim bu işlə məşğul olmur”.
Eyyub Hüseynov təklif edir ki, AQTA-nın əsasnaməsi dəyişsin:
“AQTA-ya keyfiyyət məsələsinə də nəzarət verilsin. Onu da bilməliyik ki, AQTA-nın icazə sənədi olmadan heç bir marketə girə bilməz. Marketlər bunu qəbul etmir. O zaman sual olunur, niyə belə məhsullar ortaya çxır? AQTA müəyyən partiya malı yoxlayır, kağızı verir, biznes qurum isə o sənəd adı altında istənilən malı, hətta vaxtı keçmiş məhsulları müəssisəyə göndərir.
Biznes qurumlar istehlakçı hüquqlarını qoruyan qanunların zəifliyindən, bu qanunlara əməl edən dövlət orqanlarının pis işləməsindən, eləcə də Azad İstehlakçılar Birliyinin ictimai nəzarəti effektsiz həyata keçirməsindən istifadə edirlər.
Biz ölkədə nəinki qurdlanmış konfet və müxtəlif yad cisimlərlə bişirilmiş çörəklər görürük, açıq-aydın dönərxanalara verilmiş eşşək ətinin satılmasını da görürük.Vaxtı keçmiş malların hərəkət dinamikası isə belədir. Dükanlar belə malları dərhal satışdan çıxarır və distrübiterə verir. Distrübiter isə vaxtı keçmiş malları istehsalçıya verir. İstehsalçı təzədən obu bəzəyir, etiketini dəyişir və ticarət şəbəkələrinə göndərir. Çünki bu məhsul aşkarlanarsa, dövlət onları 1500 manat məbləğində cərimələyə bilər. Bu alqoritm dəyişməlidir. Vaxtı keçmiş məhsul dükandan birbaşa zibilə atılmalıdır. Təssüflər olsun ki, istehsalçılar malların bu şəkildə məhv olmasına maraqlı deyillər”.
Qida məhsullarının monitorinq məsələsi ilə bağlı AQTA—dan saytımıza verilən sorğuya cavabda isə belə qeyd olunur:
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görür. Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Həmçinin satış şəbəkələri və ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir.
Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Sınaq nəticələrinə əsasən, müvafiq tədbirlər görülür”.
AQTA-dan o da bildirilib ki, əgər vətəndaşların satış müəssisələrində satılan qida məshulları ilə bağlı şübhələri olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Müraciət daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Alçina Amilqızı, Bizim.Media