Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən süd məhsullarından 111 və hazır dönərlərdən 174 nümunə götürülərək müayinə məqsədilə Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
AQTA-dan Bizim.Media-ya verilən xəbərə görə, nümunələrin sınaq nəticəsinə əsasən, 5 pendir, 3 xama, 2 kəsmik, 9 ət və 3 toyuq dönəri olmaqla ümumillikdə 22 məhsulun minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi və nümunələrdə bağırsaq çöpləri qrupuna aid olan Escherichia Coli bakteriyası aşkar olunub.
Qeyd edək ki, insanlar virulent E.Coli ştamları ilə çiy və ya az bişmiş qida məhsullarının (ət və ət məhsulları, süd və süd məhsulları, çirklənmiş meyvə və tərəvəz və s.) istehlakı zamanı yoluxa bilərlər.
E.Coli ilə yoluxmanın əsas əlamətlərinə diareya, iştahasızlıq, ürəkbulanma, qusma, yorğunluq, hərarətin yüksəlməsi və s. daxildir.
Bundan əlavə, Agentlik əməkdaşları tərəfindən məhsulun etiketində bitki yağından istifadə edilməsi barədə qeydlərin mövcud olmamasına baxmayaraq, 1 süd məhsulunun tərkibində fitosterinlər, həmçinin 1 dönər məhsulunda isə at DNT-si aşkar edilib. 51 nümunənin müayinələri isə hazırda davam etdirilir.
Sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 2 müəssisədə (“Xırman” MMC və fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus “Dönərçi Baba” dönər evi) plandankənar yoxlama aparılıb. Yoxlama çərçivəsində hər 2 müəssisədə aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb, “Dönərçi Baba” dönər evinin fəaliyyəti məhdudlaşdırılıb.
Bundan əlavə, dönər evinə xammal kimi qəbul olunan çiy dönər istehsal edən müəssisədə, eləcə də monitorinq zamanı uyğunsuzluq aşkarlanmış digər sahibkarlıq subyektlərində qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələrinin rəhbərlərinə uyğunsuzluq aşkarlanan məhsulların satışdan çıxarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.
AQTA bir daha qida təhlükəsizliyi sahəsində qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd əməllərdən yayınmağa çağırır.
Agentlik tərəfindən əhalinin sağlamlığının, həmçinin istehlakçı hüquqlarının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərini pozanlara qarşı sərt cəza tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcək.
Uyğunsuzluq aşkar edilmiş müəssisələrin siyahısı ilə buradan tanış olmaq mümkündür
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:18 / 29.12.2022
AQTA: Dönər məhsulunda at DNT-si aşkarlandı
Hazırda oxunan: AQTA: Dönər məhsulunda at DNT-si aşkarlandı
Hazırda oxunan: AQTA: Dönər məhsulunda at DNT-si aşkarlandı
112320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.