Lütfi Zadə 2021-ci ildə anadan olub? –Təhsilimizdən pul qazananların kobud səhvi – FOTOFAKT 

Hazırda oxunan: Lütfi Zadə 2021-ci ildə anadan olub? –Təhsilimizdən pul qazananların kobud səhvi – FOTOFAKT 

112108

Təhsil sistemimiz təkcə maarifçiliyə deyil, həm də kimlərinsə konkret kommersiya marağına xidmət edir. Bu gün birinci sinifdən başlayaraq 11-ci sinfə qədər, eləcə də ali məktəblərə, dövlət qulluğuna qəbula və sairə üçün test materialları hazırlanır. Bundan əlavə həmin testlərin geniş izahını verən kitablar çap edilir. Maraqlıdır ki, bu materialların çoxu özəl şirkətlər tərəfindən hazırlanır. Pul olan yerdə də çox zaman keyfiyyət və məsuliyyət ikinci plana keçir.

Məsələn, “Azərbaycan Tarixi-Kurikulumla (5-11-ci siniflər üçün)” adlı vəsaitdə yazılır:

“Xalqımızın Nəsrəddin Tusidən sonra dünya elminə bəxş etdiyi ən böyük alimlərdən olan Lütfi Zadə 2021-ci ildə Bakıda anadan olmuş və ilk təhsilini burada almışdır(?!)”.

Beləcə, böyük Azərbaycan alimi haqqında gənc nəslə çox yanlış bir bilgi ötürülüb. Əslində isə Lütfi Zadə 2021-ci ildə deyi, 1921-ci ildə anadan olub.

Bəs, bu yanlışlığın səbəbi  nədir?

Məsələ ilə bağlı vəsaiti hazırlayan RM nəşriyyatı ilə əlaqə saxladıq. Nəşriyyatın icraçı direktoru Muxtar Abbasov Bizim.Media-ya bildirdi ki, bu kitab 2022-ci ildə nəşr olunub və dövriyyəyə buraxılıb:

“Amma istifadəçilərdən gələn zənglərdən sonra yanlışlığımızı bilmişik. Ona görə də mətnə düzəliş edib kitabı yenidən çap eləmişik. Lakin  buna qədər qüsurlu olan 2 min kitab satılıb.

Sizin aşkar etdiyiniz qüsur da əvvəlki nəşrə aid kitabdadır. Yeni nəşrin fotosunu da sizə göndərəcəm”.

Muxtar Abbasov sözünə əməl edib, bizə yeni  versiyanın fotosunu göndərdi. Lakin  o bizim 2 sualımıza cavab verməkdə çətinlik çəkdi. Suallarımız isə belə idi: 

2 min ədəd qüsurlu kitab satışdan niyə yığışdırılmayıb? Bu kitablardan bəhrələnən uşaqlar nə etməlidir?

“Bir elə kitabı biz satışdan necə yığışdıra bilərik ki..?”- deyə İcraçı direktor bildirib. 
Görünən odur ki, nəşriyyatın səhvi  ucbatından ən azı 2 min uşaq səhv bilgi əldə edəcək. Bəs, bunun məsuliyyəti  kimin üzərində qalacaq?!  Üstəlik, 2 min kitabın satışı kifayət qədər böyük rəqəm edir. Sonda bunu da Muxtar müəllimə xatırladaq...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin