Lider televiziyasının efirində Fəxriyyə Lilpar İsayevanın aparıcılığı ilə "Xəzərin sahilində " adlı veriliş yayımlanır. Verilişdə ölkədə yetərincə tanınan insanlarla müxtəlif mövzularda söhbət aparılır. Məsələnin maraqlı tərəflərindən biri budur ki, verilişin adı plagiatdır. Çünki bundan əvvəl "Xəzər sahilində" adlı layihə "525-ci qəzet"də yayımlanırdı. Layihənin müəllifi isə tanınmış şairə Feyziyyə idi. Başqa maraqlı məqam isə ondan ibarətdir ki, Feyziyyə layihəni adi müsahibə formatında eləmirdi, müsahibə götürdüyü adam, onun elədiyi söhbətlərlə bağlı düşündüklərini də qələmə alırdı. Lider televiziyasının efirində də biz müəllifin eyni jestlərini görürük.
Moderator.az məsələ ilə bağlı "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin və qəzetdə yayımlanan "Xəzər sahilində" layihəsinin müəllifi Feyziyyə Soltanmuradovanın fikirlərini öyrənib.
Rəşad Məcid deyib ki, layihə müəllifi Feyziyyə olduğuna görə bu barədə nəsə demək istəmir.
Feyziyyə Soltanmuradova isə deyib ki, "Xəzərin sahilində" adlı layihəni Lider televiziyasının efirində görəndə kədərlənib: "Doğrudur, bu qeyri-adi layihə deyil. Amma hər halda bu layihəni 1937.az saytında, "525-ci qəzet"də mən etmişəm. Eyni adlı layihəni televiziyada ediblər, canları sağ olsun, bir söz demirəm, ancaq yaxşı olardı ki, heç olmasa zəng vurub halallıq alardılar. Ümumiyyətlə bu tip məsələlərdə heç kimin hüququ qorunmur. Müəllif hüququna heç kim sayğı və hörmətlə yanaşmır. Ona görə, bu tipli hadisələr məni təəccübləndirmir".































































































