Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Bizim.Media xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 4 yük avtomobilindən ibarət təminat kolonu Laçından Xankəndi istiqamətinə keçib.
Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb. Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir. Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Bizim.Media