Oğuz rayon Muxas kəndinin şəhidi Zahir Feyzullayev 1992-ci ilin bu günü dünyaya gəlib. Orta məktəbi başa vurandan bir müddət sonra hərbi xidmətə yollanıb. O, xidmətinə Daxili Qoşunların "N" saylı hərbi hissəsində başlayıb. Elə həmin xidməti müddətində orduya bağlanıb. O, bu istək, arzusuna nəhayət, 2013-cü ilin noyabrında çatıb və Müdafiə Nazirliyinin gizir hazırlığı kursuna qəbul olunub.
2014-2018-ci il illərdə "N" saylı xüsusi təyinatlı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edib. 2018-ci ildə Naxçıvanın Günnüt kəndi istiqamətindəki döyüşlərdə fərqləndiyinə görə, kiçik leytenant hərbi rütbəsi, 2019-cu ilin iyul ayında isə leytenant hərbi rütbəsi alıb.
Zahir özünü əsl bir komando görmək istəyirdi və bunun üçün öz üzərində səylə çalışırdı. 2015-ci ildən başlayaraq müxtəlif vaxtlarda Türkiyənin Ankara, Kayseri, Qars şəhərlərində "görüntülü hədəf qiymətləndirmə", "hərbi sərbəst paraşüt", "statik təməl paraşüt", "statik paraşütçü buxarıcı və yer ekip komutanlığı" kurslarından uğurla, həm də yüksək nəticələrlə keçir, "Qış - 2019" təlimlərində iştirak edir.
Aprel döyüşləri Zahir və onun komando yoldaşları üçün sanki bir sınaq idi. Bu dörd günlük döyüşlərdə bir çox sınaqlardan alnıaçıq-üzüağ çıxmağı bacarırlar. Hətta yaralansa da, ailəsinə bu barədə bir kəlmə olsun danışmır. Düşməndən qısasını almaq üçün məqam və imkan gözləyir.
Nəhayət, 2020-ci ilin sentyabrında çoxları üçün gözlənlən məqam gəlir. Düşmən təxribat törədərək ordumuzun qüvvələrinə hücum təşkil edir.
Ali Baş komandanın bir əmri ilə döyüşlərə qatılanlar sırasında Zahir də vardı. Həm də ön sırada. Ən çətin döyüş tapşırıqlarını uğurla icra edir, bir neçə dəfə düşmənin arxasına keçərək onların təminat yollarını, hərəkətini öyrənir və bu məlumatlar növbəti döyüşlərdə ordumuzun uğur qazanması üçün mühüm rol oynayır. Qəhrəman zabit döyüşlərdə hamıdan öndə getməyi sevirdi.
Yoldaşlarını, tabeleyində olanları qorumaq üçün istənilən təhlükəli risqləri göz önünə alırdı.
Xocavənd rayonunun Tuğ kəndinin işğalçılardan azad edilməsi də həmin qəhrəmanlıq salnamələrindən biri kimi tarixə düşdü. Ona görə ki, Zahir kimi onlarla vətənpərvər , igid oğullarımız düşmənin bütün müdafiə xəttini yararaq Tuğ kəndini azad edə bildi. Döyüşün sonlarına yaxın düşmən hədəfinə tuş gələnlər sırasında Zahir də vardı. İgid oğlumuz elə Tuğ kəndində şəhidlik zirvəsinə ucaldı.
Şəhid leytenat Zahir Feyzullayev Muxas kəndində dəfn edilib. Ölümündən sonra O, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Bu gün səhərdən şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, müvafiq sturukturların əməkdaşları onun qəbrini ziyarət edib, ruhuna dua oxuyub, bir daha şanlı döyüş yolundan bəhs ediblər.
Tural Rasim oğlu, Bizim,Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 24.12.2022
Aprel döyüşlərində ağır yaralansa da, ailəsi bilmədi – Oğuz şəhidi Zahir Feyzullayevin QƏHRƏMANLIQ HEKAYƏSİ - FOTO
Hazırda oxunan: Aprel döyüşlərində ağır yaralansa da, ailəsi bilmədi – Oğuz şəhidi Zahir Feyzullayevin QƏHRƏMANLIQ HEKAYƏSİ - FOTO
Hazırda oxunan: Aprel döyüşlərində ağır yaralansa da, ailəsi bilmədi – Oğuz şəhidi Zahir Feyzullayevin QƏHRƏMANLIQ HEKAYƏSİ - FOTO
111449
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.