Şəfiqə Məmmədovanın seçkisiz özünü sədr elan etməsi QALMAQAL yaratdı – “İttifaqa aktyor deyil, rejissor sədr seçilməlidir"

Hazırda oxunan: Şəfiqə Məmmədovanın seçkisiz özünü sədr elan etməsi QALMAQAL yaratdı – “İttifaqa aktyor deyil, rejissor sədr seçilməlidir"

111439

Xəbər verildiyi kimi, bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilib. Məlumat ictimailəşəndən sonra kino ictimaiyyəti və ARKİ üzvləri ayağa qalxıb. İddialara görə Şəfiqə Məmmədova sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb və onun bu təyinatına yekdil qərara gəlinməyib. 

Əslində, Şəfiqə Məmmədova ARKİ-nin bəzi üzvlərini ilin sonu ilə bağlı hesabat iclasına çağırıb və həmin yığıncaqda sədr seçkisindən belə söhbət açılmayıb. Həmçinin, mətbuat xidməti idarəsinin xəbəri olmadan mediaya çıxaraq, qurultayda sədr seçildiyini elan edib. 
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudovbəyov və Ramiz Məlik bu məsələdən hiddətləniblər. Onlar nəinki qurultaya dəvət alıblar, belə bir yığıncağın keçirilməsindən xəbərdar olmadıqlarını açıqlayıblar. Sadəcə mətbuatdan öyrəniblər ki, belə bir qurultay olub və Şəfiqə Məmmədova sədr seçilib. 

Məsələyə tanınmış rejissor və mədəniyyət incəsənət xadimi Oqtay Babazadə də münasibət bildirib. O, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının bir neçə gün əvvəl keçirilən yığıncağından xəbərdar olsa da, ora dəvət olunmadığını bildirib:
“Bir həftəyə yaxındır yığıncaq olub. Məni çağırmayıblar, qocalmışam, yəqin ondandır. Çağırılmayan yerə də getmirəm. Halbuki bütün qurultay və plenumlarda iştirak etmişəm. Uşaqlıqdan televiziya kinosunda çalışmışam. Bizə həmişə hörmət və izzət olub. İndi vəziyyət başqadır. Kim nə istəyir çəkir və hərəkət edir. Qaldı ki, Şəfiqə Məmmədovanın özü-özünü sədr elan etməsinə, hər şey ola bilər. Sədr seçkisi qurultayda da, plenium iclasında da baş tuta bilər.

Bu, vəziyyətdən asılıdır. Mənə dedilər ki, guya Rasim Balayev etiraz edib ki, Azərbaycana iki ittifaq lazım deyil. Sadəcə, razılaşmadığım məqam odur ki, Kinematoqrafçılar İttifaqına aktyor deyil, rejissor sədr seçilməlidir. Çünki aktyor rejissor və operator sənətini bilmir. Əslində, Rasim Balayev də aktyordur”. 

Şəfiqə Məmmədovanın ARKİ-yə yenidən sədr seçilməsinə gəlincə, Oqtay Babazadə belə cavab verib:

“Neytralam və mənim üçün fərqi yoxdur. Əli, Vəli və ya Pirvəli...Çünki sədrlər yalnız özləri üçün ev, vəzifə, pul və ya başqa şeylər istəyirlər. Ona görə də ya Rasim, ya Şəfiqə xanım, ya da bir başqası olsun, mənə heç bir dəxli yoxdur”.

Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova mətbuata açıqlamasında yenidən sədr seçiməsinə belə aydınlıq gətirib. O, qeyd edib ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədrinin seçilməsi qurultay keçirməklə müəyyən olunmur. İttifaqın nizamnaməsi bütün qurumların nizamnaməsindən fərqlidir və öz nizamnamələrinə görə, təsisçilərin iştirakı ilə yığıncaq çağırıla bilər.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin