Azad İstehlakçılar Birliyinin sədri: “Əhali yolkalarla ehtiyatlı olmalıdır”x9d
Böyükdən kiçiyə hər kəsin səbirsizliklə gözlədiyi Yeni il artıq qapımızdadır. 2015-ci ili Qoyun ilini yola salıb 2016-Meymun ilini qarşılamağa hazırlaşırıq. Yeni ilin gəlişinə 2 həftədən çox qalsa da, artıq paytaxtda bayram əhval-ruhiyyəsi hiss edilir. Paytaxtda hər addımbaşı yolka ağacları, Yeni il aksesuarları satılan məkanlara rast gəlinir. Yeni ilin əsas atributları yolka ağacı, Şaxta baba və Qar qızdır. İnsanlar, xüsusən də az yaşlı uşaqları olanlar evlərində yolka bəzəyirlər. Yeni il ağacını bəzəmək üçün isə rəngli işıqlardan, oyuncaqlardan, zərlərdən və digər simvolik əşya, bəzəklərdən istifadə olunur.
Maraqlıdır, bəs evində yolka bəzəmək istəyənlərə bu neçəyə başa gələcək?
Yolka bəzəmək üçün bizə yolka, onun üzərinə taxacağımız yolka oyuncaqları, zər, yolka işıqları, kənarına isə qoymağa Şaxta baba və Qar qız lazımdır. Bunların qiymətini öyrənmək üçün Yeni il aksesuarları satılan bir neçə yerə baş çəkdik.
Təbii ki, qiymətlər müxtəlif idi. Yolkanın qiyməti onun hündürlüyündən, materialından və hara istehsalı olmasına görə dəyişirdi. Belə ki, satışda 20 manata da yolka vardı, 300 manata da. Satıcılar hətta qiyməti 1000 manata yaxın yolkaların da satıldığını deyir. Oyuncaqlara gəlincə plastmas və ya şüşə materialından hazırlanmasından asılı olaraq oyuncaqların qiyməti 10-20 manat arasında dəyişirdi. Şəhərin mərkəzində isə bu qiymətlər daha fərqli və baha idi. Ən ucuz yolkasının 50 manata olduğunu deyən satıcı Cəlal Məmmədov deyir ki, bahalı yolkaların öz alıcıları olur: “Pis çıxsa da yolkalar, onun aksesuarları da təbəqələrə bölünüb. Varlılar və ortabablar üçün yolkalar fərqlidir. Bunu qiymət baxımından deyirəm. Ortabab bir ailə hər halda gəlib 300-500 manatlıq yolka ala bilməz”x9d.
Müşahidələrimiz göstərdi ki, müxtəlif qiymətə satılan yolkaların alıcıları bu dəfə elə də çox deyildi. Adətən hər kəs gəlib qiymətlərlə maraqlanıb gedir. Yolkaları bəzəməyə gəlincə isə 6 dənəlik bağlamada olan oyuncaqlar 3-6 manat arasın, 12 dənəlik isə 12-20 manata satılırdı. Tək-tək satılan oyuncaqlarda vardı. Onların qiyməti isə 50 qəpikdən başlayır. Bu oyuncaqlar o qədər rəngarəng və parlaqdır ki, yanından etinasız ötüb keçmək mümkün deyil. Satışda olan ilin atributu meymunun qiyməti də 5 manatdan başlayırdı. Şaxta baba və Qar qızının da qiyməti keçən illə müqayisədə baha idi. Belə ki, ən ucuz Şaxta baba 8 manat, ən bahalısı isə 60 manata idi. Qar qızın isə ən ucuzu 7 manat, ən bahalısı 45-50 manata satılırdı. Satıcılar qiymətlərin keçən illə müqayisədə bir az baha olduğunu təsdiqləyirdilər. Bunun səbəbini isə əksər oyuncaqların və yolkaların xarici ölkələrdən gətirildiyini və dollarla alındığını göstərirdilər.
Apardığımız müşahidə onu göstərdi ki, ortabab bir yolka qurmaq bir ailəyə 60-70 manata başa gələcək. bu qiymət isə hər ailənin büdcəsinə uyğun olmur. Çünki bu məbləğə yolka qurmaq əvəzinə, haqlı olaraq kiçik bir bayram süfrəsi açmaq olar düşüncəsində olanlar da var. Alıcı Samirə Qurbanova deyir ki, övladı istədiyi üçün ucuz 1-2 dənə yolka oyuncağı alıb: “Evdə balaca köhnə yolkamız var. Onu quracağıq. Oğlum balacadı, satışda böyük yolkaları görüb ağlayır ki, alım. Amma onların qiymətinə baxanda bunun cibimizə uyğun olmadığını görürəm. Həmin qiymətə bayram süfrəsi üçün daha faydalı nəsə ala bilərəm, nəinki yolka. Uşaq ağlamasın deyə yolkamıza bir iki oyuncaq alırıq”x9d.
Maraqlıdır, Azərbaycanda hansı ölkələrin istehsalı olan yolkalar, oyuncaqlar satılır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, yolkalar Çindən, Rusiyadan və Türkiyədən gətirilir. “Qiymətlərdə müxtəlif ola bilər. Çünki dövlət tərəfindən tənzimlənmir. Lakin onların təhlükəsizliyi diqqətə çəkilməlidir. Düşünürəm ki, dövlət orqanları bunları yoxlayır. Əhali yolkalarla ehtiyatlı olmalıdır. Çünki 31 dekabrda yolkadan ev yanma faktını gözümlə görmüşəm. Üzərində elektrik avadanlıqları olan yolkaları nəzarətsiz qoyub getmək olmaz”x9d, deyə E.Hüseynov bildirib. (musavat.com)
































































































