Bu sahədə çalışanlara əlavə müavinətlər ödəniləcək – RƏSMİ 

Hazırda oxunan: Bu sahədə çalışanlara əlavə müavinətlər ödəniləcək – RƏSMİ 

111249

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik yerləşmə müavinəti ödəniləcək.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət əməkdaşına onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təhsil müavinəti ödəniləcək.

Diplomatik xidmət əməkdaşına qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq müavinət ödəniləcək.

Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 faizi saxlanılır.

Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənəcək.

Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə vəzifəyə təyin olunduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda alacaqları aylıq əmək haqqının 50 faizi məbləğində birdəfəlik müavinət ödəniləcək.

Dəyişikliyə əsasən, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı bu Qanuna və Azərbaycan Respublikasının aidiyyəti normativ hüquqi aktlarına uyğun olaraq həyata keçiriləcək. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməkhaqqı sistemi - məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən dövlət məvacibindən və təyin olunduqları diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun olaraq dövlət məvacibinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada tətbiq edilən fərqləndirici əmsaldan ibarət olacaq.

Diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunvericiliklə müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunacaq.
Layihə I oxunuşda qəbul edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin