Yoxluğun acısı...

Hazırda oxunan: Yoxluğun acısı...

111159
Sənin yoxluğun mənim üçün çox şeyi adiləşdirdi. Sənsizlik qədər böyük bir ağrını daddım.
xa0
Getdikcə balacalaşan, amma gülüşünü itirməyən gözlərin ilıq baxışları mənə indi əvvəlkindən daha doğma gəlir. Başıma-üzümə sığal çəkən qurumuş əllərin payız buludu kimi idi. Hər dəfə o doğma səsinə, çağrışına uşaqlıqda olduğum kimi qaçırdım. Hansı yaşda olmağımdan asılı olmayaraq, sığındığım qucağında, məni bağrına basan taqətsiz qollarında qəribə bir cazibə vardı. İndi də darıxanda, kövrələndə, inciyəndə, incidiləndə, özümü tənha, yalqız hiss edəndə, küsdürüləndə o müqəddəs sığınacağıma, yuvama qaçmaq, sığınmaq, mənə qanad kimi açılan o qollara pənah gətirmək istəyirəm. Hara qaçım, hara sığınım indi? Başımı qoyacağım diz daşlaşıb. Sığınacağım qucaq buza dönüb.
xa0
Üzümü şəklinə söykəyirəm. Alışıb-yanan içim, vucudum üşüyür, ANA.xa0
xa0
Səndən keçmiş zamanda danışmaq nə qədər çətindi...
xa0
Hər dəfə Bilgəhə gələndə “səni ziyarətə gəlmişəm”x9d, deyərdim. İndi atamı görməmişdən qabaq sənin ziyarətinə gəlirəm. O soyuq, qara daşdan baxıb həmişəki kimi gülümsəyirsən. Yolboyu məni ağladan sənsizliyinə üzündən təbəssüm qatırsan. Sənə baxıb ağlamağa utanıram. O təbəssümə göz yaşı qatmaq istəmirəm. Kənara çəkilib içimi, gözümü boşaldıram. Sənin sənsizliyinə dözməyən atamın halına daha çox ağlayıram. Acıyıram. 67 illik birgə həyatın ağır ayrılığını duyuram atamda.
xa0
Atam hər gecə “Ay Gülarə”x9d deyib səni çağırır yuxusunda.
xa0
* xa0* xa0*
xa0
“A bala, bizim ölən vaxtımızdı. Təki sizin çiyninizdə gedək. Allah bizə bala dağı göstərməsin”x9d, deyirdin. İndi çiynimizdə gəldiyinəmi sevinirsən?
xa0
Yoxluğun ömrümüzün dadını, həyatımızın sevincini qaçırtdı.
xa0
Dünyada kimsədən, hətta doğma övladlarından da heç nə ummayan anam, səndən keçdi bizə gözü-könlü tox olmaq. Halallıq...
xa0
Yoxluğun məni kəndimizdən bir az da uzaqlaşdırdı.
xa0
“Məni həyətdə, evdə qarşılayacaq adam köçdü bu dünyadan. Ən ağrılı halımda üzümə gülən, təbəssümü bütün nisgilimi unutduran o üzü görməyəcəm orda. Kəndim doğmalığını misqal-misqal itirir. Xatirələrimdə yaşayan evimizin rahatlığı yox oldu. Ata-ananın ev üçün, ailə üçün ayrı bir cazibə qanadı, cazibə qüvvəsi var. Sındı o qanadın biri...”x9d deyirəm hər gün öz-özümə.
xa0
Ömründə kimsəni incitmədin. İndi bu susqun duruşun incidir məni.
xa0
Hamının sakit yatdığı bu əbədi məkanda Azan səsini eşitdikcə, yəqin, Qarabağ yadına düşür.
xa0
Sən muğamı, xalq mahnılarını, aşıq havalarını, Qarabag səsini, onun əvəzsiz zəngulələrini çox sevərdin. Köhnə xanəndələri səsindən tanıyardın. Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Cabbar Qaryağdıoğlu, o vaxtların başqa məhşur xanəndələrinin Varşavada, Kiyevdə, Tiflisdə buraxılmış səs yazılarına cavanlığında babamın qədim-təzə saxlanılan patefonunda o qədər qulaq asmışdın ki!
xa0
Sözə, səlis danışığa xüsusi onəm verərdin. Yanında şeiri bir dəfə oxuyan kimi təkrarən söyləyərdin. İndi bu qədər danışdığıma, sorğularıma baxışınla cavab verirsən.
xa0
Dinmirsən. Sakitcə dayanıb dinləyirsən. Burada da könlümü qırmaq istəmirsən. Məni qarşıladığın təbəssümlə yola salırsan.
xa0
Mənim əbədi təbəssümlü ANAM...

Rafail Tağızadə
Yoxluğun acısı...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin