"Ərazilərimizdə yaşayan erməni əsilli azyaşlı vətəndaşlarımıza zərurət yarandığı təqdirdə hər cür dəstəyi göstərməyə hazır olduğumuzu bildiririk".
Bizim.Media xəbər veri ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin bəyanatında deyilir:
MÖVZU İLƏ BAĞLI:
Pakistan və Gürcüstandan Laçın yolundakı eko aksiyasına DƏSTƏK
"Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, pluralistik baxışın formalaşdırılması, ictimai nəzarətin gücləndirilməsi və dövlət – qeyri-hökumət təşkilatları (QHT) arasında əlaqələndirmə və müştərək fəaliyyətin təşkili sahəsində aidiyyəti dövlət qurumlarımız tərəfindən ardıcıl və məqsədyönlü addımlar atılmaqdadır.
Məhz sadalananların göstəricisidir ki, cəmiyyət üçün həssas olan məsələlərin yerli QHT-lər tərəfindən ictimailəşdirilməsi, dövlət qurumları ilə qarşılıqlı tərəfdaşlığın nəticəsi olaraq problemli məsələlərin həlli, QHT-lərin müvafiq sahələr üzrə dövlət qurumlarına təklif və rəylər təqdim etməsi vətəndaş cəmiyyətinin möhkəmlənməsinə töhfə verməkdədir.
O cümlədən, yerli QHT-lərin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə dövlət tərəfindən verilən dəstəyi vurğulamaq zəruridir.
Belə ki, bir sıra beynəlxalq insan haqları təşkilatlarının və özlərini “demokratiya” carçıları hesab edən bəzi dövlətlərin qərəzli və ikili standartlara söykənən mövqeyi ölkəmizdə bu sahə üzrə aparılan islahatlara kölgə salmaq, ölkəmizin beynəlxalq nüfuzunu sarsıtmaq və xüsusilə 44 günlük Vətən müharibəsindən sonra regionumuzda güclənən qalib ölkəmizi ləkələmək niyyətindən xəbər verməkdədir.
Son günlərdə müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Laçın yolunda yerli eko-aktivistlərimiz tərəfindən həyata keçirilən dinc etiraz aksiyasına münasibətdə bəzi dövlətlərin mövqeyi təəssüf doğurur.
Sözügedən etiraz aksiyasının məqsədi Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə separatçı qalıqlarının qanunsuz iqtisadi fəaliyyəti, bunun nəticəsində ətraf mühitə dəymiş ziyanın qaşısının alınması və aidiyyəti dövlət qurumlarımıza təbii sərvətlərimizin monitorinqinə şəraitin yaradılmasıdır. Əfsuslar olsun ki, bu günədək vətəndaş cəmiyyəti üzvlərimizin tələbləri qarşılanmayıb.
Bununla yanaşı, Laçın yolunun guya eko-fəallarımız tərəfindən bağlanması kimi iddialar əsaslı dəlil və video görüntülərin mövcudluğuna baxmayaraq bəzi dövlət və beynəlxalq təşkilatlar tərəfindən təkrarən gündəmə gətirilir. Bu yol verilməz və qəbul edilməzdir.
Laçın yolunun bağlanması nəticəsində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə guya “humanitar böhran”ın yaşandığına gəldikdə isə, qeyd etmək istərdik ki, Laçın yolundakı ictimai fəallarımız tərəfindən təqdim olunmuş əlaqə vasitələrinə daxil olan zənglər və məlumatlardan, adıçəkilən yoldan Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşaiyəti ilə keçirilən təcili tibbi yardım avtomobillərindən və Xankəndi şəhərindəki ərzaq mağazalarının tam təminatlı olmasına dair yayılan foto şəkillərdən aydın olur ki, “humanitar böhran” tezisi separatçı qalıqlar üçün yalnız təsir vasitəsi və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədilə istifadə olunan köhnəlmiş sovet üsullu alətdir.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə separtaçı qalıqların erməni uşaqlarının şəkillərini paylaşaraq onları çirkin siyasi kampaniyalarına alət etmələri də qəbul edilməzdir.
Biz, “Azərbaycan Uşaqları” İctimai Birliyi olaraq qeyd olunan ərazilərimizdə yaşayan erməni əsilli azyaşlı vətəndaşlarımıza zərurət yarandığı təqdirdə hər cür dəstəyi göstərməyə hazır olduğumuzu bildirir, onların bir ovuc merkantil xislətli insanların əlində alətə çevrilməmələri üçün əlimizdən gələn hər şeyi etməyə hazır olduğumuzu bəyan edirik. Onlar güclü Azərbaycan dövlətinin vətəndaşlarıdır və onlara dəstək ola biləcək vətəndaş cəmiyyətimiz var”.
Bizim.Media