Bir ailədə iki MİLLİ QƏHRƏMAN – “Fransızlar atamın saçını yandırdılar”

Hazırda oxunan: Bir ailədə iki MİLLİ QƏHRƏMAN – “Fransızlar atamın saçını yandırdılar”

110030

Ata Əhmədiyyə Cəbrayılov Fransa Müqavimat hərəkatının, oğlu Mikayıl isə Qarabağ müharibəsinin şəhid-qəhərmanı....  Bəli, bu faktdır və dünyanın heç bir ölkəsində təsadüf edə, qarşılaşa bilməzsiniz. 

Dekabrın 15-i qəhrəmanımız Mikayıl Cəbrayılovun şəhid olduğu gündür və əməkdaşımız onun və atasının xatirəsinə yaradılan ev muzeyində olub, hər iki qəhrəmanın həyat hekayəsinə nəzər salıb.  

Ata, Əhmədiyyə Cəbrayılov haqqında dolaşan əfsanələr bir yana orta məktəb dərsliklərində yazılan hekayələri az insan tapılar ki, oxumasın. Armed Mişel yaxud Xarqo ləqəbli partizan Əhmədiyyə Cəbrayılov Fransanın alman işğalından azad olunmasında xüsusi xidmətləri ilə seçilib.

Fransa Müqavimat Hərəkatı liderinin oğlu, muzeyin yaradıcısı Cavanşır Cəbrayılovla söhbətləşirik. Bildirir ki, muzey rəsmi dövlət qeydiyyatına alınmasa belə o atası və qardaşının xatirəsini yaşatmaq üçün bütün imkanlardan istifadə edir.

Muzey dörd bölmədən ibarətdir və burada 20 minə yaxın müxtəlif sənəd və eksponat qorunur: 

“Bir dəfə fransızlar, partizan dostları bizə gələndə torpaq gətirdilər. Dedilər ki, atan hansı şəhərlərdə gəzibsə oradan torpaq gətirmişik. Torpaq gətirməklərini də belə əsaslandırdılar: “Armed Mişel o vaxtlar Parisə gələndə onu ayaqqabıları bir-iki saat yoxa çıxırdı. Azərbaycanlı silahdaşları o ayaqqabıların altından bir neçə qıram torpaq əldə eləməyə çalışırdılar, onda biz başa düşürdük ki, torpaq sizinçün necə əzizdir.  Biz də onun gəzdiyi yerlərin torpağnı ona görə hədiyyə gətiririk ki, ruhu şad olsun. Amma biz fransızlar Armed Fransaya gələndə onun tükündən kəsib götürərdik ki, çox darıxanda yandıraq, gecə yuxumuza girsin”. Atamla bağlı belə xatirələr çoxdur, onun buradakı eksponatları hamısı hekayələrlə doludur”, - deyir Cavanşir Cəbrayılov.

Oğul Cəbrayılov onu da qeyd edir ki, qardaşım da Milli Qəhrəman kimi şəhid olduqdan sonra bu muzeyə gələnlərin sayı birə-iki artdı:   

“Azərbaycanın bütün rayonlarından məktəblilər gəlir bura. Eyni zamanda Cəbayılov haqqında məqalələr yazır, şeir deyir, şəkillər çəkirlər. 11 yaşında bir məktəbli qız kilim toxuyub hədiyyə edib, sonra digər məktəbli gördüyünüz şəkli çəkib. Məktəblər var ki, bir sinifə Əhmədiyyə Cəbayılovun, digər sinifə Mikayıl Cəbrayılovun adı verilib.  Qürürvericidir, qəhrəmanlar unudulmur demək”.

Fransa Milli Müqavimat Hərəkatının liderlərindən biri Əhmədiyyə Cəbrayılovun ev muzeyi dörd bölmədən ibarətdir. Muzeydə diqqətimizi cəlb edən bölmələrdən biri onun mundirlərinin saxlandığı yerdir. Müharibədən qayıdarkən Əhmədiyyə Cəbrayılov sinəsində beş medal gəzdirirdi.

Lakin sonrakı araşdırmalardan bəlli oldu ki, o, 20-yə yaxın Fransanın müxtəlif orden və medalları ilə təltif olunub.

“Öt kökü üstə bitər” atalar məsələ elə Cəbrayılovlar üçün nəzərdə tutulub desək yəqin yanlmarıq. Birinci Qarabağ müharibəsi başlayanda ilk cəbhəyə yollananlardan biri də Əhmədiyyə kişinin oğlu, polis kapitanı Mikayıl Cəbrayılov oldu. Yeri gələndə düşmən qarşısına silahsız çıxan günlər də olub, lakin sözündən dönməyib. Yerli sakinləri odun-alovun içərisindən çıxarıb, pusquya salınaraq əsir götürülən onlarla qız-gəlini azad edib. 

O, 27 aprel 1952-ci il tarixdə Nuxa (indiki Şəki-red) rayonunun Oxud kəndində anadan olub, 15 dekabr 1990-cı il tarixdə - 38 yaşında, ermənilərin mühasirəsində olan Cəmilli kəndindən həmin kəndin əhalisinə ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə gedərkən ermənilərin pusqusuna düşür və çiynindən yaralanır. Mikayıl maşından yerə atılaraq, yoldaşlarının həyatını xilas etmək üçün atışmağa başlayır.

O, ermənilərin hücumunun qarşısını alsa da son anda özü döyüş meydanında qəhrəmancasına həlak olur.

Şəhidlik zirvəsinə ucalan Mikayıldan sonra onun döyüş yolunu nəsillərinin davamçısından biri Elnur Mikayılov davam etdirib. Aprel döyüşlərinin iştirakçısı Elnur Vətən müharibəsində iki dəfə yaralansa da cəbhəyə dönüb.
 

Cəbrayılın, Xocavəndin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunan “Cəsur döyüşçü” Elnur və döyüş yoldaşları müharibə başa çatandan sonra erməni pusqusuna düşərək yaralanıb. Elnur babalarının qəhrəmanlıq yolunu davam etdirməkdən fəxarət hissi keçirir və hər an Vətənin müdafiəsinə hazır olduğunu bildirir.


Hazırda Əhmədiyyə Cəbrayılovun 24 nəvəsi, 45 nəticəsi var. Onların bir neçəsi müxtəlif dövrlərdə Qarabağ müharibəsində iştirak edib, gənc nəslin nümayəndələri sırasında da hərb sənətinə maraq göstərənlər az deyil. Əsas məqsəd Vətənə layiqli övlad olmaq, onu qorumaqdır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin