Bizim Rusiyaya göndəriləcək məhsulumuz yoxdur - Ekspert

Hazırda oxunan: Bizim Rusiyaya göndəriləcək məhsulumuz yoxdur - Ekspert

109946
Rusiya hökuməti Amerika, Avropa, Ukrayna kimi ölkələrdən idxal olunan ərzaq mallarına tətbiq etdiyi embarqodan sonra ölkədə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətləri kəskin şəkilə bahalaşıb. Rəsmi məlumatlara görə, ərzaq mallarının qiymətləri 28,7 faiz artıb. Rusiyada Ictimai Fikir Fondunun keçirdiyi sorğunu cavablandıranların 65 faizi maliyyə çatışmazlığı ilə əlaqədar ərzağa qənaət etdiklərini bildiriblər.

Son illərdə Rusiya daxili istehsal hesabına özünün taxıl məhsullarına, toyuq və donuz ətinə olan tələbatını ödəyə bilib. Bir sıra mallarla təminatda isə idxaldan asılılıq var. Məsələn, mal əti, süd məhsulları, balıq, meyvə-tərəvəz və sair məhsulları idxaldə əsas yer tutur. Rəsmilər vəziyyətin yaxşılaşacağını deyir. Kənd təsərrüfatı naziri Aleksandr Tkaçovun sözlərinə görə, Rusiya özünün ərzaq təhlükəsizliyini 7-10 ilə tam təmin edə biləcək. Ancaq Tkaçovun uzun müddətə hesablanmış bu optimizmini ekspertlər bölüşmürlər, əksinə, kinayə ilə qarşılayırlar.xa0
Son günlərdə Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi və bu səbəbdən də Rusiya hökumətinin bir sıra qida məhsullarının idxalına embarqo tətbiq etməsi, hər iki ölkə üçün müəyyən problemlər yarada bilər. Qeyd etməliyəm ki, Rusiyanın xarici ticarət strukturunda Türkiyə ixracda 5-ci yeri tutur. Bu da əsasən, neft-qaz məhsulları, metal, buğda (1,5milyard), kömür və s. məhsullardır. Idxalda isə Türkiyə 13-cü yerdədir. Burada isə əsasən, meyvə-tərəvəz, paltar, trikotaj və başqa yüngül sənaye mallarıdır. 2014-cü ildə iki dövlət arasında mal dövriyyəsi 44 milyard dollar təşkil edib. Rusiyanın Türkiyəyə mal, xidmət ixracı 27,5 milyard dollar, Türkiyənin Rusiyaya mal, xidmət ixracı isə 16,5 milyard olub. Bu ilin 9 ayında isə əvvəlki ilə nisbətən mal dövriyyəsi kəskin olaraq aşağı düşüb, 18 milyard dollar olub. Bunun da 15 milyard dolları Rusiyanın payına düşür. Türkiyənin ixracı isə 3 milyard dollar təşkil edib.

Yeri gəlmişkən, keçən il hər iki dövlətin başçıları 2020-ci ilə qədər ticari dövriyyəni 3 dəfə artıraraq 100 milyard dollara çatdırmağı bəyan etmişdilər.

Rusiyanın ərzaq idxalında Türkiyənin payı 12 faizdən çoxdur, bəzi qrup mallarda isə 25 faiz təşkil edir. Türkiyə əsasən, Rusiyadan 1,5 milyard dollar dəyərində buğda, qarğıdalı, günəbaxan yağı idxal edib. Türkiyə Rusiyadan il ərzində 6 milyon tona qədər buğda idxal edir. Türkiyə buğda idxalını dayandırsa, Avropa ölkələrinə tətbiq edilən embarqodan əziyyət çəkən Rusiya fermerləri, buğda istehsalçıları və ixracla məşğul olan sahibkarlar ciddi ziyana məruz qala bilərlər. 2014-2015-ci ildə Avropa Ittifaqı ölkələrindən ərzaq məhsullarının idxalına qadağadan sonra Rusiyanın Türkiyədən meyvə-tərəvəz asılılığı da artıb. Türkiyədən Rusiyaya ixrac olunan əsas kənd təsərrüfatı məhsulları fındıq, qoz və meyvə-tərəvəzdir. 2014-cü ildə Türkiyədən Rusiyaya 813 milyon dollar dəyərində fındıq, qoz, 600 milyon dollar dəyərində meyvə-tərəvəz, 500 milyon dollar dəyərində paltar, 191 milyon dollar dəyərində trikotaj, parça ixrac edilib. Ruslar hesab edir ki, türklər bu embarqodan 2 milyard dollar itirəcək.
Əslində Rusiyanın tətbiq etdiyi embarqodan sonra rəsmi Moskva Türkiyə istehsalı olan ərzaq məhsullarını əvəzləyə biləcək ölkələr axtarışındadır.

Rəsmilər hesab edir ki, bu boşluğu Israil və Azərbaycan doldura bilər. Burada digər ölkələrin də adı hallanır, Misir, Mərakeş, Tunis və hətta Cənubi Amerika ölkələrinə də ümid bəslənilir. Nəzərə alsaq ki, Rusiya əhalisinin də alıcılıq qabiliyyəti aşağı düşüb, bu səbəbdən meyvə-tərəvəzə, qoz-fındığa tələbat azalıb. Ola bilsin ki, bu kimi malların bazarda qıtlığı hiss olunmasın.

Son hadisələrdən sonra Türkiyə də Rusiyadan idxal etdiyi malları digər ölkələrdən idxal etməklə əvəzləmək istəyir. Bu ölkələr sırasında Azərbaycan, Iran, Ukrayna, Qətər və s. var. Artıq Türkiyə ilə Qətər arasında maye qaz ticarətinə dair saziş imzalanıb.
Onu da deyim ki, Rusiyanın Türkiyədən idxal etdiyi malların digər ölkələrin hesabına əvəzlənməsi asan məsələ deyil. Qısa müddətdə kənd təsərrüfatı məhsullarının ixracına nail olmaq ölkələrin coğrafiyasından və yaxud qonşu ölkəyə münasibətlərdən asılı deyil. Ixrac potensialını artırmaq zaman və maliyyə, investisiya qoyuluşu tələb edir. Buna isə möhkəm inam olmalıdır. Əgər Rusiya bir müddət sonra Avropa ölkələrinə tətbiq etdiyi embarqonu götürsə, nə baş verəcək?! Kənd təsərrüfatı çox riskli sahədir, ancaq o demək deyil ki, maliyyə yatırıb risk etmək olar.

Son vaxtlar Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracı imkanından daha çox danışılır. Unutmaq olmaz ki, ölkəmizin ixrac imkanı, potensialı olsa da, bu sahəyə məsul olanlar bu işin öhdəsindən gələ bilmirlər. Bu il Azərbaycan meyvə-tərəvəz idxalını əvvəlki ilə nisbətən 27 milyon dollar dəyərində artırıb. Istehsalı artırmaq, keyfiyyəti yaxşılaşdırmaq müəyyən vaxt tələb edir. Bununla yanaşı, Rusiya milli valyutasının məzənnəsinin dayanıqlı olmaması, qonşu ölkədə əhalinin gəlirlərinin ciddi azalması və bu səbəbdən də əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ölkənin bazarını cəlbedici etmir. Rusiya hökumətinin son bir neçə ildə çoxlu sayda ölkələrdən mal-məhsul idxalına qadağa tətbiq etməsi də bu ölkəyə etibarı zəiflədir.
Bu sanksiyalardan hər halda, hər iki ölkə əhalisi əziyyət çəkəcək. Rusiyada bəzi mallarda qıtlıq yaranacaq, qiymət artımı baş verə bilər. Türkiyədə fermerlər, ixracla məşğul olan sahibkarlar zərərə məruz qalacaq. Müqavilə şərtlərinin pozulması məhkəmə çəkişmələrinə səbəb ola bilər.

Ümumiyyətlə, bu sanksiyaların Azərbaycana da ciddi təsirləri olacaq. Rusiyada yaşayan azərbaycanlıların bir hissəsi Türkiyədən idxal olunan kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışıyla məşğul olduqlarına görə tətbiq edilən qadağa həmin sahibkarların gəlirlərini azaldacaq. Onlar digər ölkələrə üz tuta bilərlər, ancaq bu, müəyyən vaxt, zaman tələb edir.
Rusiyanın Türkiyəyə tətbiq etdiyi ərzaq sanksiyasının Azərbaycana təsirinə gəlincə, Azərbaycan özü bəzi məhsulları xaricdən idxal edir. Həmin məhsulların bir hissəsini Türkiyədən idxal etməklə, daxildə qiymət artımının qarşısını ala bilər. Bilirsiniz ki, hər bayramlarda bizdə qiymətlər sıçrayışla artır və belə məhsul bolluğu yaranarsa, bu, qiymət artımının qarşısını ala bilər. Təəssüf ki, bizim sahibkarlar, hətta bolluq yarananda belə, qiyməti aşağı salmırlar. Çalışırlar ki, daha çox gəlir əldə etsinlər.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti kəskin olaraq aşağı düşüb. Bildiyiniz kimi, idxal inhisarda, müəyyən əllərdədir. Onlar istəmirlər ki, ölkə daxilində kənd təsərrüfatı məhsulları, ərzaq malları bol olsun. Çünki bolluq olsa, qiymətlər aşağı düşər. Ona görə də çalışırlar ki, az məhsul gətirib, baha qiymətə sataraq daha çox gəlir əldə etsinlər. Yalnız daxili istehsal ciddi azaldıqda idxalı artırırlar. Təəssüf ki, bu il kənd təsərrüfatı məhsulu idxalı ciddi şəkildə artıb. Bu artım meyvə-tərəvəz idxalında özünü daha çox göstərir. Təsəvvür edin ki, bu ilin 10 ayında meyvə-tərəvəz idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 136 faiz artıb. Bu da istehsalın ciddi şəkildə azalmasından xəbər verir. Belə olan halda, bizim Rusiyaya göndəriləcək məhsulumuz yoxdur və kənd təsərrüfatı məhsullarını qısa müddətdə artırmaq da mümkün deyil.

Kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis Vahid Məhərrəmli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin