Koreya Respublikasının avtomobil istehsalçısı “Hyundai” şirkəti maklerlərlə əlbir olaraq insanları aldadır.
Bu iddia ilə Bizim.Media-ya zərərçəkən xanım sürücü Fəxriyyə Hüseynova çıxış edib. Onun sözlərinə görə qəzada ciddi zərər görmüş avtomobilinin təmiri üçün müraciət etdiyi “Hyundai” və özünü şirkətin işçisi kimi təqdim edən Nurlan adlı şəxs tərəfindən aldadılıb. Nə avtomobili təmir olunaraq ona qaytarılıb, nə də xidmət haqqı üçün verdiyi pulu geri verilib.
Bu azmış kimi “Hyundai” şirkətinin Gənclik filialı maşının bütün ehtiyat hissələrini sökərək sahibindən icazəsiz maklerə verib. Xanım sürücü hissələrin ona qaytarılmasını israr etsə də, şirkət buna da etinasız yanaşıb :
“Nurlan adlı şəxs əvvəl də bir neçə dəfə avtomobilimi həmin servisdə düzəltdirib. Elə o vaxtdan Nurlanı oranın işçisi kimi bilirəm. Bu dəfə avtomobilə ciddi zərər dəyəndə yenidən Nurlana müraciət etdim. Evakuator çağırıb, avtomobili servisə göndərdim.
Özüm işdə olduğum üçün gedə bilmədim və maşını servisdə Nurlan təhvil alıb. Bir gün sonra 10 NY 634 dövlət nişanlı maşının probleminin nədən ibarət olduğunu öyrənmək üçün servislə əlaqə saxladım. Mənə oradan bildirildi ki, onların Nurlan adlı işçisi yoxdur. Bura müştəri kimi gəlib gedir. O zaman anladım ki, Nurlan maklerdir”.
Şikayətçinin sözlərinə görə “Hyundai” şirkətinin Gənclik filialındakı servisdən xanım sürücüyə avtomobilin təmirinə 12 min manat xərc tələb olunduğu bildirilib. O, isə 19 min manat dəyərində olan avtomobilə 12 min manatlıq smeta çıxarılmağın absurd olduğunu bildirib:
“Etirazımı bildirdim və səs-küy qaldıraraq, maşınımın təhvil verilməsini tələb etdim. Makler Nurlanla isə işləmək istəmədiyimi qeyd etdim. Mənə yalnız avtomobilin banını (kuza) verdilər. Mator və “karobka”sının isə yuyulmağa göndərildiyi üçün bir gün sonra götürə biləcəyimi bildirdilər. Səhəri yenidən servisə getdim.
Bu dəfə servisdən avtomobilin həmin hissələrinin Nurlanda olduğunu dedilər. Avtomobilin ehtiyat hissələrinin sahibinə deyil, rəsmi işçisi olmayan hansısa kənar şəxsə verilməsinə etiraz etdim. Maşının bütün sənədlərini təqdim etsəm də, əsas ehtiyat hissələrini geri ala bilmədim.
Halbuki mənim icazəm olmadan maşını sökmüşdülər və buna görə də 500 manat ödəniş almışdılar. Mübahisə zamanı servisin Vasif adlı ustası tərəfindən təhqir də olundum. Anlamıram rəsmi servis şirkəti niyə belə qanunsuz iş görür? Niyə şirkətə etibar olunmuş avtobolin ehtiyat hissələrini başqa şəxsə verir?”
Fəxriyyə Hüseynova qeyd edib ki, “Hyundai” servisin işçisi kimi özünü təqdim edən Nurlan sökülmüş və yarasız hala salınmış avtomobili sonradan “Şərq Motors” şirkətinə təhvil verib. Həmin şirkət isə maşının təmir olunmasına zəmanət verməyib.
Xanım sürücü isə məcbur qalaraq avtomobilini dəyər-dəyməzinə satıb:
“Mənə dəyən maddi və mənəvi zərərlə bağlı həm Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə, həm də “Hyundai” şirkətinin rəhbərliyinə müraciət etdim. Şirkətdən isə bildirildi ki, Gənclik filialı müstəqil siyasət yürüdür və onların işinə müdaxilə edə bilmirlər”.
“Hyundai” şirkətinin Gənclik filialı ilə əlaqə yaratsaq da, zənglərimizə cavab verən olmayıb.
Fəxriyyə Hüseynovanın gileyləndiyi Nurlan adlı şəxs isə saytımıza açıqlamasında deyilənlərlə razılaşmayıb:
“Mən nə maşın ustasıyam, nə də maklerəm. Mütəmadi olaraq “Hyundai” şirkətində yaxın adamlarımın işini gördürürəm. Bu xanım mənə müraciət edəndə də həmin şirkətə yönləndirdim. Avtomobili öz yanında qoyduq evakuatora və “Hyundai” servisə gətirdik.
Şirkət də nə xarabdırsa, onun smetasını yazıb çxarıb. Mən də dəyəri xanıma təqdim etdim və rəyi əsasında maşın söküldü. Bildirdim ki, 12 min yox, müəyyən şeyləri işlənmiş qoymaqla 6-7 min manata avtomobili təmir etmək olar. Danışığımız belə oldu. Avtomobili sökdük, məlum oldu ki, “karobka”tamamilə dağılıb.
Motorda isə müəyyən hissə düzəlməlidir. Hər iki hissəni təmirə göndərdik. Anidən xanım qərar verdi ki, maşını təmir etdirmək istəmir. Bütün əl haqqılarının xərcini mən çəkmişəm. Bilmirəm, bu məsələdə kim haqlı, kim haqsızdır? Maşınını niyə ucuz satıb, mənə aidiyyəti yoxdur. Avtomobili təhvil alanda, təmir edəndə və qaytaranda görüntülər çəkmişəm. Heç nədən qorxum yoxdur. İstəsə, məhkəməyə də verə bilər”.
Onu da bildirək ki, “Hyundai” şirkətinə çalışdığını, onlara müştəri daşıdığını inkar etməyən Nurlan adlı müsahimiz soyadını tqdim etməkdən boyun qaçırıb. İsrarlarımıza baxmayaraq, özü barədə doğru-dürüst məlumat da verməyib.
Görünən isə odur ki, “Hyundai” bu cür “dəllal”larla iş birliyinə girib, müştəriləri rahatlıqla aldada bilir.
Yazıda adı çəkilən şirkət və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 15.12.2022
“Hyundai” şirkəti maklerlə əlbir olub xanım sürücünün avtomobilini YOXA ÇIXARDI - ŞİKAYƏT
Hazırda oxunan: “Hyundai” şirkəti maklerlə əlbir olub xanım sürücünün avtomobilini YOXA ÇIXARDI - ŞİKAYƏT
Hazırda oxunan: “Hyundai” şirkəti maklerlə əlbir olub xanım sürücünün avtomobilini YOXA ÇIXARDI - ŞİKAYƏT
109818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.