Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı Britiş Konsulun Azərbaycan ofisinin rəhbəri Xanım Elizabet Vayt və Təhsil Məsələləri üzrə menecer Nərgiz Hüseynovanı qəbul edib. Görüşdə ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Rafiq Camalov və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Cəmilə İsmayılzadə və həmin şöbənin əməkdaşı Qənirə Quliyeva iştirak ediblər.
Rektor ADNSU qarşısında qoyulmuş strateji məsələlərdən söz açaraq, məqsədlərə nail olmaqda açar vasitə olan ingilis dilinin universitetdə tədrisinin mükəmməlləşdirilməsində Britiş Konsul ilə əməkdaşlığın vacibliyini vurğulayıb. Rektor, həmçinin universitetdə ingilis dili mərkəzinin yaradılmasında təşkilatın dəstəyinə ehtiyac olduğunu bildirib.
Xanım Vayt ADNSU-ya ilk dəfə qonaq olmasından məmnunluğunu bildirib və geniş əməkdaşlıq imkanlarından söz açıb. O, əvvəlki təcrübələrə əsasən universitetdə xarici dili sərbəst öyrənməyə imkan verən resurs mərkəzinin yaradılmasının daha məqsədəuyğun olduğunu bildirib.
Nərgiz xanım Britaniya universitetləri ilə əməkdaşlıq imkanlarından danışıb və Britiş Konsulun ali məktəblər üçün nəzərdə tutduğu qrant layihələrindən söz açıb.
Yekunda tərəflər Beynəlxalq Əməkdaşlıq Şöbəsi ilə sıx əlaqələr quraraq müzakirə olunan məsələlərin reallaşdırılması istiqamətində səy göstərilməsi barədə razılaşıblar.


































































































