Laçın yolundakı aksiya SU MÜHARİBƏSİNƏ hazırlıqdır? – Ekspertlərin MÜLAHİZƏSİ

Hazırda oxunan: Laçın yolundakı aksiya SU MÜHARİBƏSİNƏ hazırlıqdır? – Ekspertlərin MÜLAHİZƏSİ

109598

Azərbaycanda ekosiyasi məsələlər hər gün bir az da aktuallaşır. 2030-cu illərə ehtimal edilən ekoloji müharibələr bu işi daha da tətikləyir.

İqtisadçı Natiq Cəfərlinin son feysbuk paylaşımı bu mənada diqqətləri çəkib:

“Dünyada 15-20 ildən çoxdur ki, ekoloji məsələlər gündəmin ilk yerlərindən birini tutur, bütün ölkələr (bir daha – bütün ölkələr) bu məsələdən öz maraqları çərçivəsində istifadə ediblər, yəni, çox önəmli, dünya üçün həyati məsələ olan ekoloji problemlərin dövlətlər tərəfindən öz istəkləri çərçivəsində istifadə etdiklərini görmüşük. Bu mənada, Azərbaycan hökumətinin ekoloji məsələləri önə çəkib Laçın yolunu bağlaması, bu yolla Rusiyaya və Kremlin bəslədiyi Xankəndindəki qondarma rejimə təzyiq etməsi çox doğru yanaşmadır, hətta məndən olsa pul xərcləyib ora Greta Thunbergi də gətizdirərdim – bəzən dünya ilə onların anladığı dildə danışmaq lazımdır”.

Politoloq Cümşüd Nuriyev Natiq Cəfərlinin bu fikiri ilə tam razılaşdığını bildirib.

“Dünya bu dəqiqə qlobal problemlərin əlində ilişib qalıb. Bunlara ərzaq problemi, nüvə təhlükəsi və ekoloji problemlər aiddir. Dünyanın orta temperaturunun artması, iqlim istiləşməsi, Şimal Buzlu okeanda buzların əriməsi, dünya okeanın su səviyyəsinin qalxma ehtimalının olması hamısı göstərir ki, əgər dünya ayılmasa, dünyanın əksər hissəsi su altında qalacaq və ciddi ekoloji təhlükələrlə üzləşəcək. Ekoloji problemlər sərhəd tanımır. Belə bir aksiyanın həyata keçirilməsi çox uğurlu addımdır. Azərbaycanın ziyalılarının bu aksiyada iştirakını təşkil etmək lazımdır. Azərbaycanda kifayət qədər peşəkar ekoloqlar, iqtisadçılar var. Bu həmlə siyasi çətir sayılsa da belə, bu çətir altında Azərbaycan öz problemlərini həll edə bilər. Belə ki, iqtisadi və ekoloji məsələlər ölkənin həm daxili, həm də xarici siyasətini formalaşdırır”.

Digər bir politoloq Əziz Əlibəyli 2030-cu il BMT hesabatına görə dünyada su müharibələri dönəmi olacağını qeyd edir. 

“Azərbaycanın indi həyata keçirdiyi ekoloji həmlələr Qarabağın hüquqi və legitim məsələsində bizə böyük üstünlük qazandıracaq. Başqa bir maraqlı məsələ odur ki, Azərbaycanın su ehtiyatları çox azdır. Azərbaycan təbiəti kasıbdır, resursları məhduddur. O baxımdan Azərbaycan öz ərazisində suverenliyi mütləq şəkildə tam bərpa eləməlidir ki, onun iqtisadi və ekoloji müstəqilliyi öz əlində olsun. Beləliklə, onun ərazisində ekoloji terror prosesləri baş verməsin. Bu mənada ilk mövqeyi Tərtərdə Sərsəng su anbarı tikilməsi yönündə həyata keçirilən proseslər görmüşdük.

Gəlin, xatırlayaq ki, bu gün Dəmirli və Hayvalı qızıl yataqları istiqamətində gedən proseslər və Azərbaycanın bölgədə baş verən bu terroru təbiət soyqırımı kimi müşahidə edə bilməsi başqa problemləri də ortaya çıxaracaq. Azərbaycanda Qaragöl, Suqovuşan bölgəsi, şərq istiqamətində Sərsəng su anbarı, cənubda Həkəli çayı üzərində resurslar, Kəlbəcər və Laçının təbiəti, Qarabağın yuxarı hissəsindəki təbii ehtiyatlar Azərbaycan ekosisteminin əsasını təşkil edir. Bu ekosiyasi məsələlər 2030-cu il perspektivləri və prioritetləri nöqteyi-nəzərindən çox önəmli məna kəsb edir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin